Sankt-Peterburq şəhərində keçirilən (14-16 noyabr) VIII Beynəlxalq Mədəniyyət Forumu çərçivəsində daha bir mədəni hadisə “Jazz Across Borders” adlı caz forumu olub.
Caz forumunu tədbirlərində ölkəmizi Bakıda yeni fəaliyyətə başlamış “Jazz’ın Dostları” İctimai Birliyinin üzvü, jazz.az saytının baş redaktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Turan Məmmədəliyeva təmsil edib.
O bildirib ki, artıq üçüncü dəfə keçirilən “Jazz Across Borders” beynəlxalq caz forumu müxtəlif ölkələrin musiqiçiləri və caz musiqi yaradıcılığı ilə caz prodüserlərini, media mütəxəssislərini, tənqidçilərini bir araya toplayaraq bu musiqi sahəsinə daha da artan marağı və professional diqqəti təsdiqlədi.
İki gün davam edən caz forumunda diskussiyalar, dünya şöhrətli caz trampet ifaçısı Till Brönnerin, rus caz zərbçisi Aleksandr Maşinin ustad dərsləri, müxtəlif ölkələrin gənc musiqi kollektivlərinin iştirakı ilə şoukeyslər və axşam qala-konsertləri keçirilib.