İspaniyanın ən populyar muzeyi sayılan Prado Milli Muzeyi (Madrid) 200 illik yubileyini qeyd edib.

Prado Muzeyi 1819-cu il noyabrın 19-da açılıb. Kral VII Ferdinandın xanımı Kraliça Mariya İzabella de Braqansanın təşəbbüsü ilə memar Xuan de Vilyanuevanın layihəsini verdiyi Təbiətşünaslıq Muzeyinin binası krallığın rəssamlıq kolleksiyasının qorunub saxlanıldığı əsas məkana çevrilib. Sonradan əldə olunan əsərlər və ayrı-ayrı şəxslərin hədiyyələri sayəsində rəssamlıq qalereyasının kolleksiyası daha da genişlənib.

D.Velaskesin “Menina” və F.Qoyyanın “1808-ci ilin mayında Madriddə” məşhur tabloları ilə yanaşı, muzeyin zallarında ispan, italyan, flamand rəssamlıq nümunələri də təqdim edilib. Pradonun ən qiymətli kolleksiyasına 8 600 tablo və 700-dən artıq heykəl daxildir.

Muzey 2018-ci ildə 2,9 milyon ziyarətçi qəbul edib. Bundan başqa, ötən il ərzində muzey  700 min nəfərin ziyarət etdiyi səyyar tədbirlər təşkil edib.

SƏBİNƏ