Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə töhfə olaraq Ukrayna dilində ərsəyə gətirilmiş “Haqq yolu mən özüm oldum...” (“І шляхом Істини постав я сам...”) kitabı Kiyevdə işıq üzü görüb.

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin layihəsi olan kitaba mütəfəkkir şairin  200-dən çox qəzəli, tuyuq və rübailəri daxil edilib. Əsərlərdə işlənən mürəkkəb ifadələrin izah və şərhləri verilib.

Şairin həyat və yaradıcılığından bəhs edən “Canlı adlar axtarışında” (“У пошуку живих імен”) adlı ön sözün müəllifi tanınmış Ukrayna şairi, tərcüməçi Dmitri Çistyakdır.

Kitabın tərtibçiləri – Dmitri Çistyak və Püstə Axundovadır. Şeirləri orijinaldan Ukrayna dilinə bu ölkənin tanınmış şairləri – Pavel Movçan, Mikola Miroşniçenko, Stanislav Telnyuk və Dmitri Çistyak çevirib.