“Alüminium” biennalesində 18 ölkədən rəssamların əsərləri sərgilənir

Mədəniyyət Nazirliyi və Rəssamlar İttifaqının təşkilatçılığı ilə Bakıda “Alüminium” VI Beynəlxalq Müasir İncəsənət Biennalesi keçirilir. Noyabrın 20-də Şirvanşahlar Sarayı Kompleksində ekspozisiya və layihələrin təqdimatı oldu.

 

Ekspozisiya və layihələrin təqdimatı

 

Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov çıxış edərək  sərgi haqqında məlumat verdi. Bildirdi ki, biennalenin məqsədi müasir incəsənətin inkişafı, xarici ölkələrdə bu sahədə baş verən yeniliklərin, çağdaş təmayüllərin Azərbaycanla əlaqələndirilməsi və rəssamlar arasında dialoqun yaradılmasıdır. Diqqətə çatdırıldı ki, budəfəki sərgiyə 17 ölkədən 40-dan çox rəssam dəvət edilib. Ölkəmizdən biennaledə 30-dək rəssam iştirak edir. Onlar öz əsərlərində bəşəriyyəti düşündürən suallara birlikdə cavab tapmağa çalışacaqlar.

Biennalenin kuratoru Dilarə Vahabova layihənin əhəmiyyətini yüksək qiymətləndirdi. Qeyd etdi ki, biennale Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasına uyğun olaraq, müasir incəsənətin inkişafının təbliği və rəssamların yaradıcılığının dəstəklənməsi məqsədilə təşkil olunur. Sərgidə rəngkarlıq, qrafika, heykəltəraşlıq, instalyasiya, videoart, fotoəsərlər, habelə Azərbaycan, Almaniya və Gürcüstan rəssamlarının performansları təqdim ediləcək.

İçərişəhər Muzey Mərkəzinin direktoru Əminə Məlikova bildirdi ki, “Alüminium” VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesi çərçivəsində Şirvanşahlar Sarayı, Muzey Mərkəzi, V.Səmədova adına sərgi salonu, İçərişəhərdəki Müasir İncəsənət Mərkəzi, “Qalereya 1969” və “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda sərgilər təşkil olunacaq.

Qeyd edək ki, “Alüminium” VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesi noyabrın 25-dək davam edəcək.

 

Təbrizli rəssamın əsərləri “Qalereya 1969”da

 

Noyabrın 20-də “Alüminium” VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesi çərçivəsində “Qalereya 1969” sərgi salonunda İranın Təbriz şəhərindən olan rəssam Həmid Əminifarın fərdi sərgisi açıldı.

Mərasimdə Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov  diqqətə çatdırdı ki, əsərləri dünyanın bir çox ölkələrində nümayiş olunan Həmid Əminifar ilk dəfə sərgisini Bakıda təqdim edir. Qeyd olundu ki, rəssamın əsərlərində incəsənətin müxtəlif janrları öz əksini tapıb: “Portret janrında çox maraqlı əsərləri var. Buradakı əsərlər xəttatlıq sənəti ilə müasir incəsənətin vəhdətini təşkil edir. O, əsərləri ilə ənənəvi və müasir incəsənət arasındakı dialoqu bizə çatdırır. Sərgilənən əsərlər “Quran”dan müxtəlif ayələr, klassik şairlərin poeziyasını əhatə edir”.

Tanınmış rəssam, xanəndə Vədud Müəzzin sərgi barədə öz fikirlərini bölüşdü, həmkarına yaradıcılıq uğurları arzuladı.

Həmid Əminifar tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür edərək ölkəmizdə ilk dəfə sərgisinin təşkilindən məmnunluğunu bildirdi.

Çıxışlardan sonra qonaqlar sərgi ilə tanış olublar.

 

Daha bir sərgi Rəssamlar İttifaqında açılıb

 

Biennale çərçivəsində növbəti sərgi noyabrın 20-də Azərbaycan Rəssamlar İttifaqında təşkil olunub. Sərgidə Azərbaycan, Yaponiya, Norveç və İspaniya rəssamlarının əsərləri nümayiş edilir.

Tədbirdə müəlliflər haqqında məlumat verilib. Sonra iştirakçılar sərgi ilə tanış olublar.

Azərbaycanlı rəssamlar Nazim Şah və Tərlan Qorçu, Yaponiyadan Şo Heseqava, norveçli Eli Qladerin və ispaniyalı rəssam Teresa Puiq-Pastorun əl işləri maraqla qarşılanıb.

Sərginin diqqətçəkən məqamlarından biri də tanınmış fotoqraf Yuri Varnovskinin “Kinematoqrafiyamız pərdə arxasında” silsiləsidir. Silsilədə Azərbaycan filmlərinin çəkiliş meydanlarında lentə alınan fotoşəkillər yer alıb.

NURƏDDİN
FARİZ