Heydər Əliyev Fondunun və Azərbaycanın Çindəki səfirliyinin təşkilatçılığı, Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının dəstəyi ilə Pekində “Azərbaycan musiqisi gecəsi” adlı konsert təşkil edilib.
Müxtəlif ölkələrdən diplomatların da qatıldığı tədbirdən əvvəl çıxış edən ölkəmizin Pekindəki səfiri Əkrəm Zeynallı bildirib ki, son illər Azərbaycan-Çin ikitərəfli münasibətləri bütün istiqamətlər üzrə yüksələn xətlə inkişaf edir. İki ölkə arasında humanitar sahədə əməkdaşlığa toxunan səfir Ə.Zeynallı iki il əvvəl Heydər Əliyev Fondu ilə Xarici ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyası arasında imzalanmış anlaşma memorandumu ilə əsası qoyulmuş əməkdaşlıqdan danışıb. Diqqətə çatdırılıb ki, bu çərçivədə ötən ilin dekabrında Pekində Azərbaycan-Çin dostluq konserti gerçəkləşib.
Sonra səhnə Azərbaycan incəsənət ustalarının ixtiyarına verilib. “Amarok” instrumental və “Talant” rəqs qruplarının ifalarında Azərbaycanın xalq və bəstəkar mahnıları, milli rəqslərimiz təqdim olunub.