Qardaş ölkənin incəsənət ustalarının konserti maraqla qarşılandı
Özbək musiqisinin müasir ulduzları, Özbəkistanın əməkdar artistləri Uluqbek Raxmatullayev və Yulduz Turdiyeva noyabrın 22-də Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdilər.
Konsert ölkəmizin Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM), Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti və Özbəkistanın “First Art Media” şirkətinin birgə layihəsi əsasında gerçəkləşdi.
Konsertdən əvvəl layihə barədə məlumat verən AMM-in direktoru Samir Abbasov bildirdi ki, musiqi axşamının məqsədi xalqlar arasında dostluq körpüsü yaratmaqdır: “Müstəqillik tariximizdə ilk dəfədir Özbəkistan musiqiçiləri Bakıda konsert verir. Konsert proqramının türk musiqisinin ulduzu Pınar Eliçe, Azərbaycanın Xalq artisti, xanəndə Mənsum İbrahimov və meyxanaçı Tərlan Novxanı kimi fəxri qonaqları da var. Gecədə Özbəkistan, Azərbaycan və Türkiyə mahnıları səslənəcək”.
Konsert proqramı “Sizə salam gətirmişəm” klipinin təqdimatı ilə başladı.
Səhnəyə dəvət olunan Uluqbek Raxmatullayev qonaqları salamlayaraq bu görüşü böyük səbirsizliklə gözlədiyini vurğuladı. Bakıda çoxlu dostlarının, pərəstişkarlarının olduğunu bildirən gənc estrada ulduzu özbək mahnıları ilə yanaşı, ilk dəfə olaraq Azərbaycan mahnısı da ifa etdi.
Yulduz Turdiyeva isə Azərbaycan səhnəsinin onun üçün doğma olduğunu qeyd etdi. Dedi ki, məhz Bakıda keçirilən Beynəlxalq Muğam Festivalında çıxışı və burada qələbə qazanması karyerasında dönüş nöqtəsi olub.
İfaçıların təqdim etdiyi Azərbaycan, özbək və tük musiqi nümunələri, o cümlədən “Layloyımsan”, “Soğınıb”, “Olma”, “Sevib aldım”, “Sevgi”, “Qara gözlüm”, “Tənhayam”, “Qarabağ” və digər bir-birindən şux ifalar alqışlarla qarşılandı. Yulduz Turdiyevanın türkiyəli müğənni Pınar Eliçe ilə oxuduğu duet isə qonaqların zövqünü oxşadı.
Xalq artisti Mənsum İbrahimov və meyxanaçı Tərlan Novxanı da musiqi büsatına öz töhfələrini verdilər.
Nurəddin MƏMMƏDLİ