Moskva şəhərində 27-28 noyabr tarixində keçirilən “MDB dövlətlərinin mədəni irsi: mədəni irs əməkdaşlığın və dialoqun inkişafı və genişləndirilməsi faktoru” adlı beynəlxalq konqresdə ölkəmiz də təmsil olunub.
Konqresdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini Könül Cəfərova və Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev iştirak edib.
Beynəlxalq tədbir D.S.Lixaçov adına Rusiya Mədəni və Təbii İrsi Elmi Araşdırmalar İnstitutunun təşkilatçılığı, Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi və UNESCO üzrə Milli Komissiyasının dəstəyi ilə gerçəkləşib.
Konqresdə çıxış edən Dövlət Xidmətinin rəis müavini Könül Cəfərova Azərbaycanın mədəni irsi, bu il UNESCO-nun Dünya irs siyahısına daxil edilmiş Şəki Xan sarayı ilə birgə şəhərin tarixi mərkəzi və Azərbaycanın işğal altında olan ərazilərindəki abidələr haqqında məlumat verib.
Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayevin “Qobustan abidələrinin qorunması və aparılan elmi tədqiqatlar” mövzusunda təqdimatı konqres iştirakçıları tərəfindən maraqla qarşılanıb.