Akademik Musiqili Teatrda respublika və beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Atilla Məmmədovun “Ey Vətən” adlı ilk solo konserti keçirilib.

Musiqili teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev yeniyetmə vokalçının yaradıcılığı, teatrda aktyor kimi fəaliyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat verib, ona uğurlar arzulayıb. Növbəti aylarda da teatrda çalışan Prezident təqaüdçülərinin konsertlərinin təşkil ediləcəyi bildirilib.

Konsertdə Atilla Məmmədovu Cövdət Hacıyev adına 3 nömrəli Musiqi məktəbinin müəllimləri – Sevinc Əzizova, Həsənağa Səmədov, Aytən Cəfərovanın rəhbərliyi ilə həmin məktəbin “Divizi” xoru və Azərbaycan Milli Konservatoriyasının iranlı tələbəsi Ruzbeh Talebi müşayiət ediblər.

İfaçı konsertdə səslənən estrada mahnılarını, həmçinin Moskvada keçirilən “Во весь голос” adlı beynəlxalq televiziya müsabiqəsindəki çıxışlarını ukraynalı pedaqoq Anastasiya Budakva ilə birgə hazırlayıb.

Sonda ifaçının təhsil aldığı Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin direktoru Səadət Veysova və 3 nömrəli Musiqi məktəbinin direktoru Mehin Orucova vokalçını müəllim və şagird kollektivləri adından təbrik ediblər.