Sumqayıt Şəhər İcra Hakimiyyətinin və Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi, Mədəni İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Qısa ömrün uzun yolu” sənədli-bədii filminin təqdimat mərasimi keçirilib.
Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzində təqdim olunan film Milli Qəhrəman Bəhruz Qəhrəman oğlu Mansurova həsr olunub.
“Bay Film” studiyası tərəfindən çəkilən filmin prodüseri Gəray Əlibəyov, ssenari müəllifi Vaqif Rəsuloğlu, quruluşçu rejissoru Sevindik Rəsulov çıxış edərək ekran işi haqqında məlumat veriblər.
Yazıçı-publisist Hafiz İmamnəzərli, əməkdar artistlər İzaməddin Bağırov, Nazir Rüstəmov və digər çıxış edənlər filmlərin gənclərə vətənpərvərlik ruhunun aşılanmasında əhəmiyyətini vurğulayıblar.
Milli Qəhrəmanın qardaşı, polkovnik Bəhrəm Mansurov filmin yaradıcı heyətinə, tədbirin təşkilatçılarına təşəkkür edib.