Azərbaycanın Tacikistandakı səfirliyinin dəstəyi ilə bu ölkənin Milli Kitabxanasında tacik dilində çap olunan “Nəsiminin Divanı” kitabının və Cəlil Məmmədquluzadənin “Poçt qutusu” hekayələr toplusunun təqdimatı keçirilib.
Tədbirdə səfir Həsən Məmmədzadə İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2019-cu ilin “Nəsimi ili” elan edilməsi, həmçinin bu il Azərbaycanın görkəmli yazıçı-dramaturqu Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə əlaqədar müxtəlif silsilə tədbirlərin keçirilməsi barədə məlumat verib.
“Nəsiminin Divanı” kitabını tacik dilinə tərcümə edən araşdırmaçı-alim Qurban Vosi böyük şairin Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucaldığını və bədii söz sənətinin son dərəcə qiymətli incilərini yaratdığını qeyd edib.
Tacikistanın Xalq şairi Gülhüsar Səfiyeva Nəsimini Azərbaycan xalqı tərəfindən bütün Şərq dünyasına verilən bir hədiyyə kimi qiymətləndirib, kitabın tacik dilində nəşrinə görə təşəkkür edib.
“Poçt qutusu” hekayələr toplusunun tacik dilinə tərcümə olunmasında yaxından iştirak etmiş Tacikistan Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, professor Məhəmmədsalam Maxşulov “Molla Nəsrəddin” ədəbi məktəbinin banisi olan Mirzə Cəlilin həyatı və mühiti, zəngin yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verib.
Tədbirdə hər iki kitabla yanaşı, il ərzində İmadəddin Nəsiminin həyat və yaradıcılığı ilə bağlı məqalələr toplusunun dərc olunduğu “ADAB” və “Sədai Şərq” jurnallarında çap edilən məqalələr də iştirakçıların diqqətinə çatdırılıb.
Tacikistan Dövlət Dillər Universitetinin tələbələri İmadəddin Nəsiminin və Cəlil Məmmədquluzadənin yaradıcılığından qəzəllər və hekayələr səsləndirib. Azərbaycan əsilli məşhur müğənni və bəstəkar Sami Yusufun “Sığmazam” adlı kompozisiyasının videoyazısı böyük maraqla qarşılanıb.