Romanın “Westin Excelsior Rome” hotelində Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycanın İtaliyadakı səfirliyi və İtaliya-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə İtaliyada ikinci Azərbaycan mətbəxi festivalının təntənəli açılışı keçirilib.
Tədbirdə rəsmilər, mədəniyyət, incəsənət, kulinariya aləminin tanınmış simaları, diplomatlar iştirak ediblər.
Qonaqları salamlayan səfir Məmməd Əhmədzadə İtaliyada Azərbaycan mətbəxi festivalının ikinci dəfə təşkil edildiyini diqqətə çatdırıb. Qeyd edib ki, 2017-ci ildə keçirilmiş festival da yerli sakinlərdə və qonaqlarda böyük maraq doğurmuşdu.
Vurğulanıb ki, 2020-ci il İtaliyada keçiriləcək “Azərbaycan mədəniyyəti ili” çərçivəsində də təşkil olunacaq tədbirlər zamanı ölkəmizin milli dəyərləri, tarixi, mədəniyyəti italyan xalqına təqdim olunacaq.
İtaliya-Azərbaycan Ticarət Palatasının prezidenti Manuela Traldi isə festivalı Azərbaycanın adət və ənənələrinin, habelə qonaqpərvərliyinin nümunəsi kimi xarakterizə edib. Eyni qonaqpərvərliyi hazırda Azərbaycanda keçirilən italyan mətbəxi həftəsi çərçivəsində həmvətənlərinin də gördüyündən əminliyini ifadə edən xanım Traldi iki ölkə arasında dostluğu yüksək qiymətləndirib.
Tədbirdə İtaliyanın “Polaris nəşriyyat evi” tərəfindən yenicə nəşr olunmuş “Azərbaycan bələdçisi” kitabı da təqdim olunub. İlk dəfə çap olunan bələdçi kitabında ölkəmizlə bağlı mətnlər bu məqsədlə ölkəmizə səfər etmiş italyan jurnalistləri Françesko Neri və Cusi Palumbo tərəfindən hazırlanıb.
“Polaris nəşriyyat evi”nin direktoru Daniele Bosi kitabın artıq İtaliyanın məşhur kitab mağazaları şəbəkələrində satışa çıxarıldığını və böyük marağa səbəb olduğunu deyib.
Sonra milli mətbəximizin məşhur dadları – plov çeşidləri, dolmalar, qutablar, milli şirniyyatlar qonaqlara təqdim olunub. Həmçinin Azərbaycan qonaqpərvərliyinin simvolu olan çay ənənələri də nümayiş etdirilib. Tədbir zamanı Azərbaycan klassik musiqi əsərlərindən parçalar səsləndirilib.