Britaniyanın “The İndependent” nəşri son 10 ilin ən yaxşı 40 ekran əsərinin siyahısını dərc edib.

Birinci yerə rejissor Barri Cenkinsin lentə aldığı “Ay işığı” filmi layiq görülüb. Bu kinorejissor müasir kinematoqrafın ən görkəmli nümayəndəsi hesab edilir. Onun filmi 2017-ci ildə üç “Oskar” mükafatı alıb.

Siyahıda ikinci yeri rejissor Todd Heynsin “Kerol” bədii filmi tutur. 1950-ci illərin Nyu-Yorkunda iki qadının münasibətlərindən bəhs edən ekran əsərində baş rolun ifaçısı Keyt Blanşet və onun tərəf-müqabili Runi Mar “Oskar” mükafatına namizəd göstərilsələr də, hər ikisi mükafatsız qalıb.

Üçüncü yerdə qeyd olunan Cordan Pilin “Rədd ol” trilleri, ingilis qəzetinin qənaətinə görə, XXI əsrin əxlaqi dəyərlərinin ən yaxşı təcəssümüdür.

Sonrakı yerləri Pol Tomas Andersonun “Şəffaf ip”, Koen qardaşlarının “Lyuin Devisin içindəki” filmləri tutur. İlk onluğa daxil edilmiş filmlər arasında “Amerika gözəli”, “Paddinqtonun macəraları 2”, “Dəli Maks. Qəzəb yolu”, “Sən heç vaxt burada olmamısan” və “XX əsrin qadınları” bədii filmləri də var.

Bu ilin iyulunda “İndieWire” nəşrinin jurnalistləri də son onilliyin ən yaxşı filmlərinin siyahısını tərtib ediblər. Həmin siyahıda da birinci yer “Ay işığı”na verilib.

SƏBİNƏ