Azərbaycan Dövlət Akademik Filarmoniyasında müasir musiqi əsərlərindən ibarət “Cafe General Lavine” adlı konsert proqramı təqdim olundu.
Noyabrın 29-da gerçəkləşən proqramdan əvvəl musiqişünas Sara Muradova çıxış edərək gecədə K.Debüssi və A.Şönberqin əsərlərinin ifa olunacağını dedi, onların xüsusiyyətlərindən söz açdı.
Bildirdi ki, proqramda K.Debüssinin 3 noktürn silsiləsindən “Pəri”, “Buludlar”, “Şənlik” əsərləri yer alıb.
“Buludlar” noktürnü Moskva Dövlət Konservatoriyasının professoru, Azərbaycanın Xalq artisti Fərəc Qarayev tərəfindən solo alətlər ansamblı üçün işlənib. Eyni zamanda bəstəkar bura fransız şairi Stefan Mallarmenin sözləri əsasında vokal partiya da əlavə edib.
Sara Muradova gecədə “Cafe General Lavine” əsərindən “Üç prelüd” (“Kanope”, “Atəşfəşanlıq”, “General Lavine ekssentrik”) əsərinin səslənəcəyini və bu əsərin də Fərəc Qarayev tərəfindən simfonik orkestr üçün yenidən işləndiyini diqqətə çatdırdı. O da bildirildi ki, əsərin premyerası ötən ilin noyabr ayında Moskvada Kremlinin Böyük konsert zalında keçirilib.
Sonda qeyd edilən əsərlər səsləndi və alqışlarla qarşılandı.
Konsertin ikinci hissəsində atonal musiqinin və 12 tonlu kompozisiyanın pioneri sayılan A.Şönberqin “Aylı Pyero” vokal silsiləsi təqdim olundu. Vaxtilə bəstəkarın “İntizar” monodramını və violin konsertini kamera tərkibi üçün işləyən Fərəc Qarayev bu dəfə əksinə olaraq orijinalda beş alət üçün nəzərdə tutulan Jironun şeirlərinə “Aylı Pyero” vokal silsiləsini simfonik orkestr üçün hazırlayıb. 2018-ci ildə İsveçdə premyerası olan əsər “Universal Edition” nəşriyyatına göndərilib. Nəşriyyat öz növbəsində əsəri mərhum bəstəkarın ailəsinə yollayaraq Fərəc Qarayevin işini əsərin gələcək ifası üçün müsbət rəy kimi dəyərləndirib.
Xalq artisti XX əsrin ən mühüm partituralarından hesab edilən bu əsər üzərində gərgin iş aparıb. Burada həssaslıq tələb edən nüans Şönberq musiqisinin böyük orkestrdə belə orijinalla ziddiyyət təşkil etməməsi idi. Buna görə də yeni versiyada bütün alətlərin solosu dəyişilməz qalıb, hətta hər bir notun xarakteri qorunub. F.Qarayevin sözləri ilə desək, böyük simfonik orkestr Şönberqin 1912-ci ildə qoyduğu qaydalara əsasən əsəri ifa edən iki kamera ansamblına çevrilir.
“Cafe General Lavine” konsert proqramı Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında təqdim olundu. Dirijor Əməkdar artist Fuad İbrahimov, solist Fəridə Məmmədova (soprano) idi. Proqram tamaşaçıların böyük alqışları ilə sona yetdi.
Qeyd edək ki, Azərbaycan dinləyicisinin müasir musiqi konsertlərinə marağının artmasında F.Qarayevin bədii rəhbəri olduğu və ilk dəfə 2007-ci ildə keçirilən “Zamanla üz-üzə” müasir musiqi layihəsinin xüsusi rolu var.
Lalə AZƏRİ