Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika” elmi laboratoriyasında yaddaqalan bir tədbir keçirildi. Tədbir laboratoriyanın müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadənin və Xalq artisti, görkəmli tarzən Ramiz Quliyevin təşəbbüsü ilə təşkil olunmuşdu.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcısı Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadə ailəsinin daim onlarla yaşayan və hətta sürgün həyatı görmüş əsrarəngiz tarı ilə tədbirin qonağı idi.

Tədbiri elmi tədqiqat laboratoriyasının müdiri Nuridə İsmayılzadə açaraq Məhəmməd Əmin Rəsulzadənin Azərbaycanda maarifçi ziyalılar ilə münasibətləri haqqında danışdı. Yazıçı-jurnalist, Rəsulzadə irsinin araşdırıcısı Nəcibə Bağırzadə məşəqqətlər yaşamış bu ailə haqda ətraflı məlumat verərək maraqlı hadisələri diqqətə çatdırdı.

BMA-nın elmi-yaradıcılıq işləri üzrə prorektoru, professor Gülnaz Abdullazadə Rəsulzadə və Üzeyir bəyin Azərbaycan mədəniyyətinin inkişafında fəaliyyətini vurğuladı.

Rais Rəsulzadə tarın 1917-ci ilə aid olduğunu qeyd etdi. Bu tar Məhəmməd Əmin Rəsulzadədən oğlu Azərə qalmış və onunla birgə sürgün həyatı yaşamışdı. Tarda Ümbülbanu xanımın, Azər bəyin əl izləri, nəfəsi, qoxusu vardı. 100 ildən bəri səsləndirilməyən alətdə Xalq artisti Ramiz Quliyev “Bayatı-Şiraz” muğamını ifa edərək hamını heyrətləndirdi. Karaqanda soyuq qış həyatını yaşamış Azər bəy də bu tarı köksünə götürüb həmişə məhz “Bayatı-Şiraz”ı ifa edərdi. Hər birimizin gözündə kədər, göz yaşları yarandı. Ailəsinin yaşadıqları xoş günləri, bununla yanaşı sürgün illəri bir anlığa Rais Rəsulzadənin göz önünə gəldi və gözləri yaşardı.

Ramiz Quliyev BMA-nın elmi tədqiqat laboratoriyasında usta Musa Mərdanov tərəfindən sınıq vəziyyətində olan alətin bərpa olunaraq həyata qaytarıldığını diqqətə çatdırdı.

Laboratoriyanın aparıcı elmi işçisi, dosent Ariz Abduləliyev Üzeyir Hacıbəylinin elmi tədqiqatlarından sitatlar gətirərək tarın tembri, kökü, pərdələri, səslənməsi haqda ətraflı məlumat verdi. Əməkdar incəsənət xadimi, professor Arif Əsədullayev tarın və ümumən bütün xalq çalğı alətlərimizin qorunub saxlanılması ilə bağlı fikirlərini bölüşdü.

Sonda Rais Rəsulzadə tədbirin təşkilində əməyi olan bütün əməkdaşlara minnətdarlığını bildirdi.

100 illik ömür həyatı yaşamış tarın məhz BMA-nın elmi tədqiqat laboratoriyasında, Üzeyir bəyin ocağında bərpası bir daha onu təsdiq edir ki, dahi bəstəkarın ənənələrinin qorunub saxlanılması musiqi xadimləri qarşısında böyük və vacib olan milli dəyərdir.

Fidan NƏSİROVA
BMA-nın elmi tədqiqat laboratoriyasının əməkdaşı