Xəbər verdiyimiz kimi, noyabrın 28-dən dekabrın 1-dək Bakıda Beynəlxalq Tanqo Festivalı keçirilib. Festival Argentinanın Azərbaycandakı səfirliyinin və “United Cultures”in təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Nizami Kino Mərkəzi, Bakı Xoreoqrafiya Akademiyası, Mədəniyyət və İncəsənət Universiteti, “Landmark” biznes mərkəzi, “Bakı Metropoliteni” və digər qurumların dəstəyi ilə gerçəkləşib.
Noyabrın 30-da Nizami Kino Mərkəzində Tanqo festivalı çərçivəsində qala-gecə təşkil olunub.
Gecədə dünya və Avropa çempionları Aqustina Piyacco və Maksim Gerasimov (Argentina/Rusiya), Xulio Saavedra və Tekla Qoqriçyani (Argentina/Gürcüstan), Yakof Şonski və Maryam Rossa (Gürcüstan), Sesilia Akosta və Levan Qomelauri (Argentina/Gürcüstan) performans göstəriblər. Onlar rəqs elementlərinin zərifliyi ilə hər kəsi heyran ediblər.
Argentinanın Azərbaycandakı səfiri Serxio Osvaldo Perez Qunella çıxışında festivalın təşkilatçılarına, xüsusilə Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib. Səfir qeyd edib ki, Bakıda dörd tanqo məktəbi var və onların nümayəndələri də gecədə iştirak edirlər.
“United Cultures” şirkətinin icraçı direktoru Paola Casagrande bildirib ki, festivalın keçirilməsi təşəbbüsü Argentina səfirliyindən gəlib. “İnanıram ki, festival möhtəşəm keçəcək. Biz artıq Bakı Tanqo Festivalı 2020 haqda düşünürük. Belə festivallar tanqonun populyarlaşmasına gətirib çıxaracaq”, - deyə o bildirib.
Qeyd olunub ki, tanqo XIX əsrdə Argentinaya gələn xalqların mədəniyyətinin sintezindən yaranıb və yalnız ehtiraslı rəqs və melanxolik musiqi deyil, müxtəlif insanların bir mövzu ətrafında sevinib kədərlənməsidir.
Qala-gecədə, həmçinin tanqo rəqsləri muğamla sintez olunub. Tarda Sahib Paşazadə, gitarada Lautaro Tissera, bandoleonda isə Viktor Huqo Villena ifa ediblər.