Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə Daşkənd Toxuculuq və Yüngül Sənaye İnstitutunda ölkələrimiz arasında ədəbi əlaqələrə həsr olunan tədbir keçirilib.
Tədbir iştirakçıları Azərbaycan haqqında, ölkəmizin tarixi və mədəniyyəti ilə bağlı kitablar, rəsm əsərləri və suvenirlərdən ibarət sərgi ilə tanış olublar.
Kitablar arasında Heydər Əliyev Fondunun “Qarabağ həqiqətləri” seriyasından rus və ingilis dillərində nəşrləri, AMM-in Daşkənddə özbək dilində çap etdirdiyi nəşrlər, o cümlədən Nizami Gəncəvinin “Xəmsə”si, İmadəddin Nəsiminin “Cananı sevərmən” kitabı, Məhəmməd Füzulinin əsərləri və digər toplular yer alıb.
İnstitutun müəllimi, dosent Firuza İkramxanova Azərbaycan-Özbəkistan ədəbi əlaqələrindən danışıb. Bildirib ki, son illər bu əlaqələr genişlənib, Azərbaycanın şair və yazıçıları Özbəkistana gəlir, özbək yazarları Azərbaycana səfər edirlər.
Özbəkistan Yazıçılar İttifaqının üzvü Adxambek Alimbekov Azərbaycan şair və yazıçılarının özbək dilində çap olunan kitablarının ədəbi əlaqələrin inkişafında böyük rolu olduğunu deyib.
Mərkəzin əməkdaşı Kifayət Pirməmmədova Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti haqqında məlumat verib, tələbələrin suallarını cavablandırıb.