Dekabrın 6-da Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev və Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun döyüş yoldaşları ilə görüş olub.

Görüş zamanı Azərbaycanda müxtəlif xalqların sülh, əmin-amanlıq və mehribanlıq şəraitində yaşamasından söhbət açılıb.

ABİ-nin sədri, Xalq artisti, professor Firəngiz Əlizadə ölkəmizin tarix boyu fərqli mədəniyyətləri bir-birinə qovuşduran unikal məkan kimi tanındığını, bu amilin Azərbaycan mədəniyyətində də mehriban qonşuluq, millətlərarası və dinlərarası tolerantlıq prinsiplərinə zəmin yaratdığını vurğulayıb.

“Uzun əsrlərdən bəri yəhudilər Azərbaycan ərazisində sülh şəraitində yaşayırlar. Onların mədəniyyəti, adət-ənənələri dövlət səviyyəsində qorunub, indi də sinaqoqları yenidən bərpa edilir. Qarabağ uğrunda gedən döyüşlərdə, Azərbaycanın bütün vətəndaşları kimi, yəhudi millətindən olan vətəndaşlarımız da yaxından iştirak edib və canlarından keçərək şəhidlik kimi müqəddəs zirvəyə yüksəliblər”, - deyə F.Əlizadə qeyd edib.

Milix Yevdayev də görüşdə çıxış edərək bu gün Azərbaycanda bütün xalqların nümayəndələrinin özlərini yaşadıqları ölkənin layiqli vətəndaşı hesab etdiklərini bildirib: “Azərbaycan, bu ölkədə yaşayan bütün yəhudilərin doğma vətənidir. Biz həmişə azərbaycanlılarla xeyir-şərimizdə bir olmuşuq. Dünyada başqa belə bir ölkə tanımırıq ki, bütün xalqları öz ağuşunda qovuşdurub, doğma övladı tək yaşatsın”.

Milix Yevdayev daha sonra Azərbaycan Bəstəkarlar İttifaqının 85 illik yubileyinə həsr edilən musiqi festivalının açılışında Milli Qəhrəman Albert Aqarunovun xatirəsinə tanınmış bəstəkar, ABİ-nin katibi, Əməkdar İncəsənət xadimi Cəlal Abbasovun bəstələdiyi “İn Memoriam...” əsərinin ifasına görə təşəkkürünü bildirib, əsərin müəllifinə Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının fəxri fərmanını təqdim edib. Əsərin ərsəyə gəlməsində rəhbərlik etdiyi uşaq xoru ilə yaxından iştirak edən Milli Konservatoriyanın Dirijorluq və bəstəkarlıq kafedrasının müdiri Leyla Zaliyeva da fəxri fərmanla təltif edilib.

SAVALAN