Bakıda ilk dəfə səslənən konsert maraqla qarşılandı

Dekabrın 6-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında Əməkdar incəsənət xadimi, tanınmış dirijor Elşad Bağırovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti keçirildi.

Mədəniyyət Nazirliyinin təşəbbüsü və dəstəyi ilə keçirilən konsertdə gənc skripka ifaçısı, beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Cəmilə Qarayusifli çıxış edirdi.

Qeyd edək ki, Əməkdar incəsənət xadimi, dirijor Elşad Bağırov uzun illərdir İstanbulda yaşayır və Opera Teatrında işləyir. Bu illər ərzində o, 30-dan çox premyeraya dirijorluq edib.

Cəmilə Qarayusifli isə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində təhsil alıb. 2006-cı ildə yeni yaradılmış Dövlət Gənclər Simfonik Orkestrinə (Xalq artisti Teymur Göyçayevin rəhbərliyi ilə) daxil olmaq üçün müsabiqədən uğurla keçib. Həmin orkestrlə bir çox ölkələrdə qastrol səfərlərində, o cümlədən, Parisdə – UNESCO-nun səhnəsində çıxış edib. 2008-ci ildə “Yeni Filarmoniya” Gənclər Simfonik Orkestrinin tərkibində (dirijor Fuad İbrahimov) Berlində “Young Euro Classic 2008” festivalının iştirakçısı olub. Hazırda solo ifaçı olaraq festivallara, müsabiqələrə qatılır. İsveçrədə, HEMU Lozanna Konservatoriyasında bakalavr və magistr təhsili alıb. Prezident təqaüdçüsüdür.

Konsertdən əvvəl Elşad Bağırov və Cəmilə Qarayusiflinin fikirlərini qeydə aldıq.

 

– Elşad müəllim, bugünkü konsertlə bağlı fikirlərinizi bilmək istərdik...

– Bilirsiniz ki, Cəmilə xanım xaricdə təhsil alır. Çox istedadlı ifaçıdır. O, Azərbaycanda ifa edilməyən bir əsəri təqdim etmək istədi. Bu təklif məni çox sevindirdi və böyük məmnunluqla razılıq verdim. İnanıram ki, Bakıda ilk dəfə səslənəcək bu konsert maraqla qarşılanacaq. Azərbaycanda yenidən çıxışımdan çox məmnunam. Bir az əvvəl orkestrlə məşqlərimiz bitdi. Konsert boyu səslənəcək əsərlərin hər birinin özünəməxsusluğu var və onların hər birinə gənc ifaçının məxsusi yanaşmasının şahidi olacağıq.

Maestro ilə yaradıcılıq fəaliyyəti haqqında daha geniş söhbət edəcəyimiz barədə razılaşaraq növbəti suallarımızı Cəmilə Qarayusifliyə ünvanlayırıq.

Həmsöhbətim bildirir ki, növbəti dəfə sevimli səhnəmizdə, Akademik Filarmoniyada çıxış etməkdən çox məmnundur.

– Həm də bu ilk dəfə deyil ki, mən fərqli proqram təqdim edirəm. Əvvəllər Prokofyevin Bakıda ifa edilməyən əsərləri, eləcə də dünya bəstəkarlarının ifa olunmayan əsərləri ilə çıxışlarım olub. Maestro Elşad Bağırov və orkestrin mənimlə birgə çıxışa razı olmaları mənim üçün çox sevindirici haldır. Bu gün həmin ilklər sırasından Elşad müəllimin dəstəyi ilə Ştrausun violin və orkestr üçün konsertini ifa edəcəyik. Bu, çox mühüm bir hadisədir ki, repertuara yeni əsər daxil edilir. Dünyanın hər orkestri bu əsəri repertuara daxil etmir. Çünki bu əsərlər nadir səslənən əsərlərdir.

 

– Bəs bu əsərin özəlliyi nədədir?

– Özəlliyi odur ki, bu əsər violin üçün çox da rahat yazılmayıb, texniki və fiziki çətinlikləri çoxdur. Ştraus bu əsəri 17 yaşında yazıb. O, dövrünün bəstəkarlarından, Bramsdan ilhamlanaraq bu konserti yazır. Lakin o, sonradan sonatalara müraciət edir və bir də heç vaxt konsert yazmır. Bu səbəbdən də çətin və o qədər də rahat olmayan bu əsər simfoniyaya bərabər əsərdir.

 

– Hazırda fəaliyyətinizi vətəndən kənarda davam etdirirsiniz...

– Artıq 6 ilə yaxındır ki, İsveçrənin Lozanna şəhərində yaşayıram. Orada bakalavr və magistr təhsilimi başa vurdum. İndi bir az təhsilə fasilə vermişəm. Çoxsaylı layihə və birgə konsert müqavilələrim var. Ola bilsin bu konsert və layihələrdən sonra aspirantura təhsilimi davam etdirim. Amma hələ ki, konsert fəaliyyətimlə məşğul olmağı planlaşdırıram. Hazırda İsveçrədə barokko və kamera musiqisi ilə bağlı çoxsaylı maraqlı layihələr var və bu layihələrə dəvət alaraq öz ölkəmin musiqisini təbliğ edə bilirəm.

 

– Elşad müəllimlə əməkdaşlığınız necə yarandı?

– Sözün düzü, o da Bakıda nadir hallarda olur. Bu konsertin proqramını ona deyəndə böyük məmnunluqla razılıq verdi. Mən bir daha Elşad müəllimə təşəkkür edirəm. Çünki mən bu repertuarı Bakıda ifa etməyi çox arzulayırdım. Dünyanın bir çox səhnələrində bu konsert ifa edilməyib. Elşad müəllim də bu tip konsert və proqramlara marağı olan bir insandır. Minnətdaram ki, məni dəstəklədi və birgə çıxışa razılıq verdi.

 

– Dünyanın müxtəlif ölkələrində musiqi sahəsində təhsil alan, fəaliyyət göstərən gənclərimiz var. Əlaqələriniz varmı?

– Əlbəttə. Gənc və istedadlı dirijor Mustafa Mehmandarovun “Caspian virtuosos” layihəsi ilə Vyanada çıxışlarımız olub. O  bizim xaricdə təhsil alan gənclərimizi dəvət edir və biz birlikdə konsertlərlə çıxış edirik. İnanıram ki, bu layihə böyük dəstək alacaq. Çünki konsertlər çox yüksək səviyyədə keçirilir. Konsertlərin tamaşaçı kontingenti də fərqli olur. Biz bu konsertlərdə öz potensialımızı, repertuarımızı nümayiş etdirə bilirik.

 

– Repertuar demişkən, konsertlərinizdə Azərbaycan bəstəkarlarının əsərlərinə müraciət edirsinizmi?

– Mütləq. Repertuar balanslaşdırılmış şəkildə tərtib edilir. Avropa və Azərbaycan bəstəkarlarını 50/50 şəklində təqdim edirəm. Xaricdəki dinləyiciyə həm bildiyi repertuarı, həm də əlavə olaraq ilk dəfə tanış olacağı, bilmədiyi əsərləri təqdim etməyi qarşıma məqsəd qoymuşam. Bizim dünya səviyyəli bəstəkarlarımız var. Proqramı belə tərtib edəndə dinləyicilər əvvəlcə təəccüblənirlər, sonra ilk dəfə bizim əsərləri eşdir və məmnun olurlar.

***

Gecədə Coakkino Rossininin “Vilhelm Tell” operasından uvertüra (12), Rixard Ştrausun “Violin və orkestr üçün konsert”i, d-moll (3 hissədə) və Arnold Şönberqin “Verklärte Nacht” (“Aylı gecə”) əsərləri səsləndirildi. Konsert proqramı, o cümlədən Ştrausun Bakıda ilk dəfə səslənən əsəri maraqla qarşılandı.

Lalə AZƏRİ