Heydər Əliyevin vəfatının 16-cı ildönümü mədəniyyət ocaqlarında xatirə mərasimləri ilə qeyd olundu
Azərbaycanın ən yeni tarixinin bütöv bir qərinəsi dünya şöhrətli siyasətçi, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Böyük şəxsiyyət, müdrik siyasət və dövlət xadimi hələ sağlığında canlı əfsanəyə çevrilmişdi. O, sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə Azərbaycanı SSRİ-nin ən qabaqcıl respublikaları sırasına çıxarmışdı. Müasir mərhələdə Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi həmin illərdə təməli qoyulmuş potensiala əsaslanır.
1993-cü ilin yayında, müstəqilliyinin ikinci ilində Azərbaycanın taleyin ümidinə qaldığı bir vaxtda xalq özünün və ölkənin gələcəyini Heydər Əliyevə etibar etdi. Ulu öndər zəngin siyasi və dövlətçilik təcrübəsi, sarsılmaz qətiyyəti, yenilməz iradəsi sayəsində ölkəni, xalqı, gənc müstəqil dövləti labüd fəlakətlərdən qurtardı. Azərbaycan xalqı dahi oğlunun bu xidmətlərini heç vaxt unutmur. Heydər Əliyevin əbədiyyətə qovuşduğu 12 dekabr onun anım günü olaraq dərin ehtiramla qeyd edilir. Heydər Əliyevin vəfatının 16-cı ildönümü münasibətilə mədəniyyət ocaqlarında silsilə tədbirlər, xatirə mərasimləri, konsert proqramları təşkil olundu.
Dekabrın 12-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri konsert proqramı ilə çıxış etdi. Xatirə axşamında Mədəniyyət naziri Əbülfəs Qarayev, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edirdi.
Xalq artisti Fəxrəddin Kərimovun dirijorluğu ilə orkestrin və solistlərin ifasında Üzeyir Hacıbəylinin “Arazbarı”, Fikrət Əmirovun “Nizami” simfoniyasından “Final”, Qara Qarayevin “Yeddi gözəl” baletindən “Ayşənin rəqsi”, Tofiq Quliyevin “Sənə də qalmaz” əsərləri səsləndirildi. Proqramda həmçinin Georgi Fridrix Hendelin “Solomon” simfoniyası, Vasif Adıgözəlovun “Qərənfil”, Tomazo Albinoninin “Adagio”, Ernest Bloxun “Concerto-grosso”, Eduard Napravnikin “Melanxoliya” əsərləri yer almışdı. Konsertin solistləri Nərgiz Əliyeva, Ceyla Seyidova, Sahib Paşazadə, Rövşən Əmrahov və Anar Şuşalı idi.