Beynəlxalq Muğam Mərkəzində müğənni Murad Sadıxın “Qəlbimin nəğmələri” adlı konserti keçirilib.

Tədbirdə müğənni ilə bərabər sənət dostları – Muğam televiziya müsabiqəsinin qalibi Pərviz Qasımov, pianoçu-bəstəkar Sevda Məmmədli, Milli Konservatoriyanın xalq çalğı alətləri orkestri, Cavad Tağızadə və Bakı Musiqi Akademiyasının kamera orkestri, beynəlxalq müsabiqələr laureatı Vüsalə Babayeva səhnəni bölüşüblər.

Bir-birindən maraqlı ifalarla zəngin gecədə müxtəlif janrlarda mahnılar səslənib. Proqrama xalq mahnıları, estrada və klassik əsərlər daxil edilmişdi. Müğənnini Əməkdar artist Malik Mənsurovun rəhbərliyi ilə “Naz-nazı” xalq çalğı alətləri ansamblı müşayiət edib.

Repertuarında olan gözəl mahnıları təqdim edən ifaçının sənət dostları ilə birgə çıxışları alqışlarla qarşılanıb. Sonda Murad Sadıx konsertin təşkilatçılarına dərin təşəkkürünü bildirib.

LALƏ