Təbiət mənzərələrini əsərlərində canlandıran sənətkarlar öz incə təsvirləri ilə insanlarda təbiətə böyük maraq-məhəbbət oyadırlar. Onların əsərləri qəlblərdə, könüllərdə dərin iz salır. Belə görkəmli sənətkarlardan biri Xalq rəssamı, Dövlət mükafatı laureatı, professor Nadir Əbdürrəhmanovdur.
Nadir Qəmbər oğlu Əbdürrəhmanov 5 dekabr 1925-ci ildə Laçın rayonunda dünyaya göz açıb. O, erkən çağlarından təsviri sənətə maraq göstərir. Ancaq orta təhsilini başa vurduqdan sonra, 1941-ci ildə sənədlərini indiki Tibb Universitetinə verir. Rəssamlığa olan maraq isə onu rahat buraxmır. Sonradan Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə qəbul olunur. 1944-cü ildə təhsilini başa vurduqdan sonra 1947-1953-cü illərdə İ.Repin adına Sankt-Peterburq Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda oxuyur. Orada görkəmli fırça ustaları – A.Mılnikov və V.Oreşnikovdan rəssamlıq sənətinin sirlərini öyrənir.
Bakıya döndükdən sonra Azərbaycan Dövlət Rəssamlıq Məktəbində müəllim kimi işə düzəlir. Gənc rəssamlar nəslinin yetişməsi və püxtələşməsi işində yaxından iştirak edir.
O, rəssamlıq fəaliyyətinə “Qaçqınlar” adlı əsəri (1944) ilə başlayır. Süjetli tablolar yaratmağa üstünlük verir. Mənzərə janrının imkanlarından məharətlə istifadə edir. Bunu onun “Bakının görünüşü”, “Sənaye mənzərəsi”, “Yaylaqda”, “Dağlarda səhər” və s. əsərlərində daha aydın görmək olur. Bu ilk uğurlar Nadir Əbdürrəhmanovu bir fırça ustası kimi tanıdır. Yeni forma axtarışları, realist üslub və miniatür sənəti ilə səsləşən orijinal dəst-xətti rəssamın özünəməxsus üslubunun formalaşmasına təkan verir.
Gənc rəssam 1960-cı ildə respublikamızın cənub bölgəsində yaradıcılıq ezamiyyətində olur. Lənkəran və Lerikin əsrarəngiz təbiəti, insanlarının əməksevərliyi sənətkarın diqqətini çəkir. Klassik təsviri sənət ənənələrindən ustalıqla istifadə edərək “Çəltikbecərənlər”, “Dağlarda qürub”, “Lerik. Bahar” tablolarını yaradır. O, sonrakı yaradıcılıq dövrlərində cənub bölgəsinə bir daha qayıdır. “Sevimli naxışlar”, “Dağlarda bahar”, “Qız portreti”, “Talış qızları” və s. əsərlərini yaradır.
Rəssamın “Sevimli naxışlar ” adlı əsəri uğurlu yaradıcılıq nümunəsi hesab edilir. Əsərdə xalçaçı üç qadın rəngbərəng ip topalarını sarıdıqları və yunları rəngləməsi diqqət çəkir. “Talış qızları” əsərində gənc qızların bulaq başından qayıdışı təsvir edilib. “Dağlarda bahar” əsərində isə rəssam dağların ətəyində yaşayan, gündəlik işləri ilə məşğul olan insanların ifadəli obrazını yaradıb...
Azərbaycan torpağının əsrarəngiz gözəllikləri, insanların qurub-yaratmaq əzmi sənətkarın yaradıcılığının ilham mənbəyi olub. Xalqımızın tarixi keçmişini rənglərin dili ilə canlandıran tabloları bizdə Vətənə məhəbbət hissi aşılayır.
Palitra əlvanlığı ilə diqqətçəkən bu əsərlər Azərbaycan Dövlət İncəsənət Muzeyinin, eləcə də digər muzey və qalereyaların ekspozisiyalarında bu gün də nümayiş etdirilir.
Görkəmli sənətkarın Azərbaycan incəsənətinin ölkəmizin sərhədlərindən uzaqlarda tanıdılmasında da xidmətləri olub. O, Fransa, İtaliya, Norveç, Bolqarıstan, İraq və s. ölkələrdə yaradıcılıq ezamiyyətlərində olub. Bu ölkələrdə onun əsərlərinin sərgisi keçirilib. Görkəmli sənətkarın onlarca əsəri bu gün də dünyanın məşhur muzey, qalereya və şəxsi kolleksiyalarda saxlanılır.
Onu da qeyd edək ki, rəssam xarici ölkələrə yaradıcılıq ezamiyyətlərində olarkən bu ölkələrin hər birinə əsər həsr edir. Həmin əsərlər sırasında “Yeni Koreya”, “Burqas limanı”, “Dağlar. Yuqoslaviya”, “Venesiya. Körpü”, “Berqen. Norveç”, “Bağdad”, “Mosulda küçə”, “Əfqanlar” və s. əsərlərini göstərmək olar.
Sənətşünas Əsəd Quliyev rəssamla bağlı araşdırmasında yazır ki, bu əsərlərini hər birinə yüksək bədii sənət metodu ilə işlənilmə xüsusiyyətləri xasdır. Bu lövhələrdə hər bir ölkəyə məxsus əlamətlərin həssaslıqla, yaddaqalan rənglərin dili ilə canlandırılması diqqət çəkir...
Nadir Əbdürrəhmanovun yaradıcılığı daim diqqət mərkəzində olub və yüksək qiymətləndirilib. O, 1960-cı ildə “Əməkdar incəsənət xadimi”, 1964-cü ildə isə “Xalq rəssamı” fəxri adlarına layiq görülüb. Həmçinin Azərbaycan Rəssamlar İttifaqı İdarə Heyətinin sədri (1961-1970), SSRİ Rəssamlar İttifaqının katibi (1963-1973), Azərbaycan Ali Sovetinin deputatı olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru kimi pedaqoji fəaliyyət göstərib, Dövlət Rəssamlıq Akademiyasında yaradıcılıq emalatxanasına rəhbərlik edib. Təsviri sənətimizə layiqli töhfələr verən Nadir Əbdürrəhmanov Dövlət mükafatına, “Şöhrət” ordeninə layiq görülüb. 26 iyul 2008-ci ildə vəfat edib.
Savalan FƏRƏCOV