Üslub xatirinə “vardır” yerinə “vardı” deyə xatırlatdığım o Qələm ömrü boyu tufan əydi, su yardı...
O Qələm Xətainin qılıncını suvardı –
Məmməd Araz karandaşı göyərdi...
O Karandaş “Məndən ötdü” demişlərimizə “Adınızı tarixlərdən oğrayaram, Ruhunuzu qiymə-qiymə doğrayaram!” kimi savaşlar yapdı. Bədən-gödəndaşlara “Vətən daşı olmayandan – olmaz ölkə vətəndaşı!” sayaq kəlamlarıyla vəsiyyətləndi. İmperbazlara “Ürəyimsiz kəlmə yazan deyiləm, Nə qədər ki, öz əlimdir yazanım!” kimi poetik notalar rəsmlədi. Yer üzünün əşrəfi hesab edilənlərin “mənəvi çıxdaş” qisminə “Meymuna əl çalmaq öyrətmə!” təlimi verdi...
Yaxşıları yaxşılığa, pisləri pisliyə yaza-yaza, yoza-yoza “Umdum nə verdi ki, küsdüm – nə verə?!”- deyə xitablandığı bu gidi dünyanın da “axırına” çıxdı: “Ondan inciyənin beləsi belə!...”
Belə!...
Deməli, ey “keçmiş zaman”da danışmağa əl verməyən ulu və hər zaman olu Şair!
Hərdən adama elə gəlir, Sən anadan elə ahıl-ağsaqqal doğulubsan. Nə yeniyetmə olubsan, nə cavan-comrul, nə gənc. Bunu hələ 23 yaşında (1956) yazdığın “Alına yazılan qırışlar ancaq, Ömürün şikayət misralarıdır”, “Özləri dünyadan köç eyləməmiş – Adları dünyadan gedən az deyil” kimi kəlamların da sübutlayır. Elə həmin yaşda yazdığın “Görüşməmiş dostlar” şeirinsə, Səni daha çox, ömür sonlarında populyarlaşan ədib kimi inşalayanları təkzib edib, “millətçi”liyinin qədimliyindən xəbər verir (ixtisarla):
Bu çobanlar neçə ildir
Görüşmədən dost olublar.
Biri Xan Arazdan sağda,
Biri solda tutur qərar.
Ürəkləri bir olsa da,
Aralıqda bir olmayan
Möhkəm dövlət sərhədi var...
Mən onların görüşmədən
Dostluğundan dedim ancaq,
Onların ilk görüşünü
Tarix özü danışacaq...
Tarix otuz ilə yaxındır o ilk görüşdən danışır (təəssüf ki, hələ də tikanlı məftillər fonunda)...
...Hərdən
adama belə də gəlir ki, oktyabr 1933 – dekabr 2004 ömürlü Sən bizim eradan əvvəl doğulubsan və hələ yaşayırsan. Bunu sənin “Danış görək, a daş qardaş” kimi “daş dövrü” dialoqların, “Ey Xan Eyvaz, Dəli Domrul, sizinləyəm!” xitablı “orta əsrlər” müraciətin, “Ey daşlaşan, torpaqlaşan ulu babam, Bugünümdən dünənimə uzaqlaşan ulu babam!” kimi səslənişlərin ehtivalayır.
Sənin karandaşının nəqşlədiyi yüzlərlə tablo-portretdən biri də bir alimə (“milli ziyalılıq meyarı” kimi qiymətləndirdiyin Xudu Məmmədova) dair: “Ömür karvanının sənət yükünə Bir-iki qeyrətli söz yükləməsək – Sən kimə gərəksən, mən kimə gərək?!”
Bu an sözümü durğulayıb vurğulayım ki, indilər müstəqilliyilə qürurlandığımız ölkəmizin o çağlarkı ağrı-ağırlıqları sizin kimi kişilərin çiyinlərində dövr, ürəklərində qövr edirdi. O siyasi-ideoloji halətlər siz qəbillilərin milli şax-şuxunu yaman sıxırdı. O alimin gücü: “Ay istedadlı tələbələr, hərdən istedadsız yoldaşlarınıza da kömək edin; axı onlar gələcəkdə sizin müdiriniz olacaqlar!” formatlı replikalara çatırdı, sən şairin taqətisə: “Sıx gözünü – hansı daşda su yansa, O daş altda Məmməd Araz yaşayır” kimi poetik “nekroloq”lara...
“Nekroloq” demişkən, –
Bu axşam...
Özümdə yoxam bu axşam,
Ağlı kəsilməmiş kəsilmiş başam,
Elə bil, özümdə dəfn olunmuşam...
Ey ilham pərisi, varsansa əgər,
Bu axşam üstümə qanadını gər...
Yaxud, “Azərbaycan!” deyiləndə ayağa dur ki, Ana yurdun ürəyinə toxuna bilər”, “İti bazarında atından baha – Mən belə dünyanın nəyindən küsüm?!”, “Anamdan-bacımdan gizlətdiyimi qələmdən-kağızdan gizlətməmişəm”, “O gündənmi bitdi bizim dilimizin “sənin”-“mənim” damarı da, O zamanmı bitdi bizim dilimizin “haralısan?” qabarı da?!” və digər saysız-hesabsız nümunələr.
Və –
Dədə!
Bu sözlərdən sonra durub “Vətən mənə oğul desə, nə dərdim, Mamır olub qayasında bitərdim...” kimi umular etmək nə demək?!...
Mən bu gecikmiş suallarımın cavablarını Səndən çox-çox öncələr almışam. Çoxunu da Səndən xəbərsiz.
Məsələn, 1985-in Novruz bayramlaşmamız zamanı (bir əqidə dostumla birgə) milli gəncliyin Sənin şeirlərinlə nəfəs aldığını bildirdikdən, aran-dağ düşüncələrinə, milli azadlıq təşnənə sığal çəkməyə çalışdıqdan sonra soruşdum ki, niyə “Yer üzünün Qarabağ düzü”, “Kür Salyana qovuşur” kimi publisistik yazılarına ara veribsən? Əsə-əsə yazı masana yaxınlaşıb, “Bu səpkili 50 mövzu gözaltılamışdım - deyib, qırıq-qırıq (və təbəssümlə) əlavə etdin – Heyif, bu “ali” xəstəlik imkan vermədi...”
Dedim, Məmməd müəllim, nə etməli, görünür, “ali” xəstəliklər də özünə ali canlar arzulayıb-arayır... Ki, gödəndaşlardan eşitdiyi “heyif, ey eyş-işrətli dövranlarım!” kimi sızıltılar əvəzinə, əsil vətəndaşlardan “heyif, ey yazmadığım mövzular!” sayaq milli-əxlaqi giziltilər eşitsin...
Hə...
şeirlərinin birində “Haqqın var, Məmməd Araz, haqqın var – yaşamağa” bəyanatı ilə birgə, dəfə-dəfə “haqqın yox...” da yazmısan. Bu, insafdanmı, əfəndim? Sən o çətin, milli yas-yasaqlı illərdə milliyyətçi gəncliyə istiqlal gələcəyi yaşadan beş-üç şəxsiyyətdən biri idin, axı...
Sağ olsaydın, nələr yazmazdın!
Bəlli (və milli) xəstəliyə görə nitq problemin olsa da, Sən necə gözəl müsahibdin!
...Bu an söhbətləşməyim gəlir:
– Sən özün də “bugünümdən dünənimə uzaqlaşan ulu baba”lardan biri...
“- Soruşdum birindən; şairəmmi mən? “- Hələ ölməmisən, deyə bilmərəm...”
– Bu “geniş müsahibəmizin” sonunda bu millətin əzbərdən bildiyi şeirlərinin hansını qiraətlərdin?
– Hələ yaxşı əzbərlənmədiyini:
Bu gün gərək
Hər anımız “Vətən!” desin.
Qılıncımız, qalxanımız
“Vətən!” desin.
Ölənlərin əvəzinə
Qalanımız “Vətən!” desin...
Çox yatdıq, çox mürgülədik,
Qoşa-qoşa
Dağlarımız oğurlandı,
Çaylarımız, göllərimiz
oğurlandı,
Oğurlatdıq!
Hər andımız, amanımız,
Əgər varsa,
Zərrə qədər imanımız,
İmanımız “Vətən!” desin.
Hər yaxşımız, yamanımız
“Vətən!” desin.
Əli kəsik, dili kəsik
Uşaqlar var – hələ dustaq!
Bu nə külək, bu nə bulud,
Bu nə yağış, bu nə qardı?
Mürgülüsən, qoca millət,
Daha möhkəm, daha ötkəm
gəlsin səsin –
Vətən! – desin
Qoca millət,
Bu gün gərək
Hər anımız “Vətən!!!” desin...
– Dildə çox söyləyirik, ustad! Qalır – işdə, əməldə, savaşda da deməyimiz...
Tahir ABBASLI