Teatr səhnələrində uğur qazanan əsər kino ekranına çıxdı

Oktyabrın 21-də Nizami Kino Mərkəzində Xalq yazıçısı Elçinin eyniadlı pyesi əsasında rejissor Kamran Şahmərdanın çəkdiyi "Qatil" bədii filminin təqdimatı keçirildi. Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Finlandiyanın "Black and White Studio", Gürcüstanın "Studio 33A" və "Vars Studio" şirkətlərinin iştirakı ilə istehsal olunub.

Psixoloji dram janrında çəkilən ekran əsərinin ssenari müəllifi Xalq yazıçısı Elçin, quruluşçu operatoru Mixail Maqalaşvili, quruluşçu rəssamı Rəşad Mehdiyev, icraçı prodüseri Azər Quliyev, prodüseri Müşfiq Hətəmovdur. Baş rolları Eka Çxeidze və Apollon Kublaşvili canlandırırlar.

“Pyesin ekranlaşdırılması təklifini müsbət qarşıladım”

Premyeradan əvvəl jurnalistlərin suallarını cavablandıran Xalq yazıçısı Elçin bildirdi ki, pyes 12 il bundan əvvəl yazılıb. Əsər ilk dəfə rejissor Mehriban Ələkbərzadə tərəfindən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında səhnəyə qoyulub və uğurla qarşılanıb: “Pyesin taleyi elə gətirdi ki, Moskva, Sankt-Peterburq, London, İstanbul və digər şəhərlərdə səhnələşdirildi. Hətta tamaşaçıların marağı elə oldu ki, Bakıda bu əsər ikinci dəfə səhnə həyatını yaşamalı oldu. Finlandiyada yaşayan istedadlı rejissor Kamran Şahmərdan bir neçə il əvvəl “Teleskop” əsərimi Milli Dram Teatrında, “Şekspir”i isə Rus Dram Teatrında tamaşaya qoyub. Onun “Qatil” pyesini ekranlaşdırmaq təklifini müsbət qarşıladım. Açığını deyim ki, mən bədii əsərlərin ekranlaşdırılmasının tərəfdarı deyiləm. Çünki kinossenari orijinal olmalıdır. Lakin Kamran məni inandırdı və ssenarini yazdım. Pyes Finlandiya və Gürcüstanda zamanında maraqla qarşılanmışdı. Elə ona görə də müştərək bir film ərsəyə gəldi”.
Filmə baxdığını söyləyən yazıçı ekran əsərinin tamaşaçılar tərəfindən də rəğbət görəcəyinə inandığını deyib: “Filmin Azərbaycan dilində səsləndirilməsi də vacib məsələ idi. “Azərbaycanfilm” kinostudiyası bu işin öhdəsindən bacarıqla gəldi. Aktyor seçimi də uğurlu alınıb. Baş rolda gürcü aktyorları çəkilib və məncə, obrazların daxili aləmini tam açmağı bacarıblar”.

“Elçinin ssenari müəllifi olduğu filmlər hər zaman maraq doğurub”

Nizami Kino Mərkəzində təqdimata çoxlu sayda tamaşaçı gəlmişdi. Onların arasında dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri vardı. “Qatil”in premyerası tam anşlaqla gerçəkləşdi.
Səhnəyə dəvət edilən “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov yaradıcı heyəti təbrik edərək bildirdi ki, hər bir premyera kino işçiləri üçün bayram olmaqla yanaşı, həm də tamaşaçılar qarşısında hesabatdır. Qeyd olundu ki, “Azərbaycanfilm” kinostudiyası ilə ötən əsrin 70-ci illərindən başlayaraq əməkdaşlıq edən Xalq yazıçısı Elçinin ssenari müəllifi olduğu filmlər hər zaman böyük maraqla qarşılanıb. 2013-cü ildə yazıçının ssenarisi əsasında Azərbaycan və Türkiyə kinematoqrafçılarının çəkdiyi “Mahmud və Məryəm” filmi hazırda Yaponiyadan Avropayadək dünya prokatlarındadır: “Türkiyə və Rusiya prodüserləri “Qatil” əsərini yenidən ekranlaşdırmaq üçün bizə müraciət ediblər. Eyni zamanda görkəmli yazıçımızın digər əsərinin ekranlaşdırılması ilə bağlı bir sıra Avropa kino şirkətlərindən təkliflər almışıq”.
Son illər kino sahəsində görülən işlər haqqında da danışan direktor əlavə etdi ki, ölkəmizin hüdudlarından kənarda yaşayan azərbaycanlı kinorejissorlar da “Azərbaycanfilm”ə dəvət olunur. Son üç ildə 20-dək gənc rejissor sınaqdan keçirilib. Bunun nəticəsidir ki, ötən il Azərbaycan filmləri 50-dən çox festivalda uğurla iştirak edib: “Xaricdə yaşayan və bizim dəvətimiz əsasında kinostudiyada film ərsəyə gətirən rejissorlardan biri də bu gün təqdimatı olan ekran əsərinin rejissoru Kamran Şahmərdandır. O, Finlandiyada yaşamasına baxmayaraq, daim kinostudiya ilə əlaqələrini davam etdirir. İnanıram ki, film bəyəniləcək”.

“Bu premyera mənim üçün xoşbəxtlikdir”

Sonra yaradıcı heyət səhnəyə çıxdı. Quruluşçu rejissor Kamran Şahmərdan çəkiliş prosesi, filmin yaranma tarixi barədə danışdı və bütün heyətə minnətdarlığını bildirdi. Qeyd etdi ki, 30 ildir ki, bu günü gözləyir: “Mənim üçün böyük səadətdir ki, filmimin premyerasını doğma Bakıda keçirirəm. Fəxr edirəm ki, Elçin kimi görkəmli yazıçının əsərinə ekran həyatı vermişəm. “Qatil” pyesi əsasında hazırlanmış tamaşa 4 il bundan əvvəl Sankt-Peterburqda səhnəyə qoyulub və bu gün də böyük maraqla qarşılanır. O vaxtdan Elçin müəllimin bu əsərini ekranlaşdırmaq barədə düşünürdüm. İdeyamın reallaşmasında köməyi olan hər kəsə təşəkkür edirəm”.
Baş rolun ifaçılarından Eka Çxeidze və quruluşçu operator Mixail Maqalaşvili yaradıcı heyətin ekran əsəri üzərində şövqlə işlədiyini, filmin əsas ideyasını tamaşaçılara çatdırmaq üçün gərgin əmək sərf etdiyini bildirdilər. Eka Çxeidze rejissor Kamran Şahmərdanla Tbilisidə teatr festivalında tanış olduğunu nəzərə çatdırdı. Aktrisa ona təqdim edilən ssenarini bəyəndiyini və böyük istəklə bu filmdə çəkildiyini dedi. Quruluşçu operator isə bu filmin ona müasir Azərbaycan ədəbiyyatı və Azərbaycan kinosu ilə yaxından tanışlığa şərait yaratdığını vurğuladı.
Sonra film nümayiş olundu. Psixoloji dram janrında çəkilmiş “Qatil” müasir dövrümüzün aktual və ağrılı mövzularından olan tənha qadın probleminə həsr edilib. Ssenari müəllifi və yaradıcı heyət bunun doğurduğu fəsadları açıb göstərməyə çalışaraq mövzunun uğurlu ekran həllinə nail olub. Film boyu ekranda yalnız iki nəfər görünsə də, bu, tamaşaçını yormur, dərin psixoloji məqamlar onu daim gərginlikdə saxlayır və düşünməyə vadar edir. Filmin musiqi həlli, eləcə də baş qəhrəmanlardan birini azərbaycanlı rejissor Elxan Cəfərovun səsləndirməsi də kinosevərlərin nəzərlərindən yayınmadı.
Xalq yazıçısı Elçinin yaradıcılığında kino xüsusi yer tutur. Onun ssenariləri əsasında “Baladadaşın ilk məhəbbəti”, “Arxadan vurulan zərbə”, “Gözlə məni”, “Gümüşü furqon”, “Bağ mövsümü”, “Sahilsiz gecə” kimi maraqlı ekran əsərləri lentə alınıb. 2013-cü ildə çəkilən “Mahmud və Məryəm” filmi isə Azərbaycan kino mühitinə canlanma gətirdi. İnanırıq ki, “Qatil” filmi də geniş tamaşaçı rəğbətinə səbəb olacaq.

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar