Görkəmli kinorejissor, Əməkdar incəsənət xadimi Fikrət Əliyevin xatirəsi dekabrın 16-da Nizami Kino Mərkəzində yad edildi. Rejissorun 80 illiyinə həsr edilən gecə Mədəniyyət Nazirliyi, “Azərbaycanfilm” kinostudiyası və Azərbaycan Dövlət Film Fondunun təşəbbüsü ilə təşkil olunmuşdu.

Sənətkarın yaradıcılığından bəhs edən videoçarxın nümayişindən sonra tədbiri açan “Azərbaycanfilm” kinostudiyasının direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev Fikrət Əliyevin Azərbaycan kinosunda yerindən danışdı, ərsəyə gətirdiyi filmlərin kinematoqrafiyamızda yeni bir səhifə olduğunu vurğuladı. Diqqətə çatdırdı ki, Fikrət Əliyev hələ sağlığında bütün arxivini Dövlət Film Fonduna təqdim edib və tədbirin başlanğıcında təqdim olunan videoçarxda da məhz həmin foto və videolentlərdən istifadə edilib.

Daha sonra tədbir Əməkdar artist Elxan Qasımovun aparıcılığı ilə davam etdi. O, rejissorla tələbəlik illəri, kinostudiyada ilk çalışmağa başladıqları dövrlərlə bağlı xatirələrini bölüşərək birgə keçdikləri sənət yolunu pillə-pillə xatırlatdı. Bu yolda onlarla birlikdə addımlayan kino xadimlərini çıxış üçün səhnəyə dəvət etdi.

Xalq artisti, kinorejissor Xamis Muradov, sənədli filmlər rejissoru Tofiq Məmmədov çıxış edərək rejissorun özünəməxsus yaradıcılığından söz açıb, xatirələrini bölüşdülər. Vurğuladılar ki, ekranlaşdırdığı filmlərin hər birinin baş qəhrəmanı bütünlüklə Fikrət Əliyev xarakterinin təzahürü, rejissorun avtoportretidir. Bu səbəbdən də bu gün rejissor yaratdığı ekran əsərlərində yaşayır və heç vaxt unudulmayacaq.

Bildirildi ki, Fikrət Əliyev Arif Babayevdən sonra Abşeron koloritini ekrana gətirən rejissor kimi kino tariximizə düşüb. Onun özünəməxsus dəst-xətti, baxışı var idi. Rejissorluğa “Baladadaşın ilk məhəbbəti” qısametrajlı filmi ilə başlayan sənətkar “Qızıl uçurum”, “Yuxu”, “Axırıncı dayanacaq”, “Ölüm növbəsi” və digər filmlərə quruluş verib.

Kino karyerasına aktyor kimi başlayan Fikrət Əliyev “Dəli Kür” filmində Şamxal obrazını yaradıb. Hüseyn Mehdiyevlə birlikdə “Qoca palıdın nağılı” filminə quruluş verib. Sonralar bir neçə ekran əsərində rejissor assistenti, ikinci rejissor kimi işləyib, sənədli filmlər, “Mozalan” üçün süjetlər çəkib.

Düşüncələrini ekranlara köçürən, maraqlı və məzmunlu filmləri ilə tamaşaçıların sevgisini qazanan kinorejissor ekran əsərlərində həmişə müasirlərinin həyatından, onların cəmiyyətdəki rolundan, mühitə münasibətindən bəhs edib. Sənətkar kinoda rahatlıq tapıb, arzularını bu sahədə gerçəkləşdirməyə nail olub.

Çıxışlardan sonra kinorejissorun 80 illiyi münasibətilə ARB TV-nin “Aranfilm” Yaradıcılıq Mərkəzində ərsəyə gətirilən “Məni izləyən müəmma“ sənədli filmi nümayiş etdirildi. Filmin ssenari müəllifi və rejissoru Babək Abbaszadə, bədii rəhbəri Tahir Əliyev çıxış edərək ekran işinin ərsəyə gəlməsində iştirak edən təşkilat və yaradıcı heyətə təşəkkür etdilər. Çəkilişlər Mərdəkan, Buzovna, Balaxanı və Bilgəhdə aparılıb. Filmin operatoru Anar Seyidov, icraçı prodüseri Qənirə Qurbanlı, prodüseri İqbal Məmmədəliyevdir. Baş rolu Xalq artisti Şamil Süleymanlı canlandırıb. Filmdə rejissorun lentə aldığı filmlərin əksər baş qəhrəmanları yer alıb. Kinolent bütünlüklə Fikrət Əliyevin çəkdiyi filmlərin kadrarxası məqamları üzərində qurulub.

Qeyd edək ki, Fikrət Əliyev 1939-cu il dekabrın 13-də Bakıda anadan olub. 1966-cı ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Aktyorluq fakültəsini, 1972-ci ildə Moskvada Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun ikiillik ali ssenari və rejissorluq kurslarını bitirib. 1966-cı ildən “Azərbaycanfilm” kinostudiyasında işləyən rejissor  2016-cı il martın 8-də dünyasını dəyişib.

L.AZƏRİ