Türkiyənin Samsun şəhərindəki Dövlət Opera və Balet Teatrında görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Nəsimi” baletinin premyerası olub. Layihə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyi münasibətilə TÜRKSOY tərəfindən elan olunan “Nəsimini anma ili”nin silsilə tədbirləri çərçivəsində gerçəkləşib.
Tamaşada Samsun Opera və Balet Teatrının sənətçiləri – Nəsimi rolunda Orçun Ünal, şairin həyat yoldaşının rolunda Busə Cengiz, həmçinin İdil Şengül (Nəsiminin qızı), Süleyman Taşçıoğlu (Misir sultanı) və başqaları çıxış ediblər.
Premyera böyük maraqla qarşılanıb, tamaşaçılar yaradıcı heyəti hərarətlə alqışlayıblar.
Premyeradan sonra Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Samsun valisinin müavini Sezgin Üçüncü və ölkəmizin TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı yaradıcı heyətlə görüşüb, səfirliyin və TÜRKSOY-un adından təşəkkürnamə və xatirə hədiyyələri təqdim ediblər.
Qeyd edək ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi “Nəsimi” baletini səhnələşdirmək üçün Azərbaycanın xalq artistləri – dirijor Yalçın Adıgözəlova, xoreoqraf Kamilla Hüseynovaya, həmçinin baletin yeni librettosunun müəllifi Əjdər Ulduza müraciət edib. Azərbaycan sənətçiləri “Nəsimi” baletinin Türkiyə premyerasını uğurla gerçəkləşdirmək üçün böyük səy göstəriblər.
Xalq artisti, maestro Yalçın Adıgözəlov dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Nəsimi” baletinin Türkiyə premyerasını Azərbaycan balet məktəbinin uğuru kimi qiymətləndirib. Onun sözlərinə görə, baletin Samsun şəhərində tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanması, hərarətli tamaşaçı alqışları yaradıcı heyətin zəhmətinə ən səmimi qarşılıq oldu.
Mehparə SULTANOVA
Ankara