Dekabrın 14-də Heydər Əliyev Sarayında “Beat Group” şirkətinin təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Zima 2019” Beynəlxalq Uşaq Festivalının qala-konserti keçirilib. Konsertdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Bu il festivalda iştirak etmək üçün 110 uşaq müraciət edib və təşkilat komitəsi onların arasından 20 ifaçını seçib. Tədbirin aparıcıları bu dəfə də gənc artistlər Rüfət Məmmədov və Suel Heybətova olublar.

Konsertdən əvvəl iştirakçılar qırmızı xalının üzərindən keçiblər və festivalla bağlı təəssüratlarını bölüşüblər. “Səs. Uşaqlar” şousunun altıncı mövsümünün qalibi Ərcan Maksim “Zima” festivalında iştirak, Azərbaycan tamaşaçıları qarşısında çıxış etmək imkanı yaratdıqlarına görə təşkilatçılara təşəkkürünü bildirib.

Konsert proqramında Xalq artisti Aygün Kazımova və Cəlal Bəşirli birlikdə “Qara gözlər” mahnısını ifa ediblər. Əməkdar artist Sevda Ələkbərzadə isə Fəxriyyə Əliyeva ilə səhnəni paylaşaraq “Qal, sənə qurban” mahnısını təqdim ediblər.

Gənc istedadların ifaları maraqla qarşılanıb. Sarayın səhnəsində Türkiyə, Ukrayna, Gürcüstan, Qazaxıstan, Fransa və Böyük Britaniya təmsilçiləri də çıxış ediblər.

“Zima” festivalı uşaqların musiqi bayramıdır. Hər ifaçı böyük səhnəyə çıxmaqla artıq özünü qalib saya bilər. Sonda bütün iştirakçılara diplomlar və xatirə hədiyyələri təqdim edilib.

Qeyd edək ki, “Zima” festivalının iştirakçıları müxtəlif nüfuzlu beynəlxalq müsabiqələrdə uğurla iştirak edirlər. “Zima 2017”nin iştirakçısı Rüstəm Kərimov “San-Remo Junior 2017”  Uşaq-gənclər musiqi yaradıcılıq festivalının xüsusi mükafatına layiq görülüb. “Zima 2018” festivalının iştirakçısı Aleksandr Zazaraşvili isə Ukraynada “Qolos. Deti” televiziya müsabiqəsinin qalibi olub.