Bethovenin musiqisini tamamlamaq süni intellektə həvalə olunub

Musiqişünaslarla proqramçılar Lüdviq van Bethovenin yarımçıq qalmış 10-cu simfoniyasını bitirməyə cəhd göstərirlər. Bu çalışmanın nəticəsi 2020-ci il aprelin 28-də elan ediləcək. Bu günün seçilməsi isə təsadüfi deyil. Aprelin 28-də dahi alman bəstəkarının anadan olmasının 250 illik yubileyi qeyd ediləcək.

10-cu simfoniyaya gəlincə, Bethoven 9-cu simfoniya və “Fərəh” odası üzərində çalışdığı zamanlarda bu əsəri yazmağa başlayıbmış. Lakin əcəl bəstəkara bu əsəri bitirməyə imkan vermir. Bəstəkarın vəfatından sonra onun arxivindən simfoniyanın bir neçə əlyazma qeydləri və əsərin planı aşkar edilir.

İndisə Bethovenin bütün əsərlərini təhlil etmiş proqramların və avtomat tədrisin köməyilə əsəri bitirməyə çalışırlar. Onların fikrincə, süni intellekt partituranın davamını yaratmağa kömək edəcək.

GÜLCAHAN