Ramiz Quliyev: “Tarda olan yüksək səs, intonasiya heç bir alətdə yoxdur və buna xələl gətirməməliyik”
Dekabrın 19-da Rəşid Behbudov adına 2 saylı Musiqi məktəbində Mədəniyyət Nazirliyi Regional siyasət şöbəsinin təşkilatçılığı ilə “Tar alətinin tədrisi və problemləri” mövzusunda seminar keçirildi.
Tədbirdə şöbənin müdiri Pərviz İsgəndərli, Bakı şəhəri və regionlarda fəaliyyət göstərən musiqi məktəblərinin rəhbər və müəllimləri, ali və orta ixtisas musiqi məktəblərinin müəllim heyəti, eləcə də respublikamızda tar aləti ifaçılığının görkəmli nümayəndələri iştirak edirdilər.
Əvvəlcə Regional siyasət şöbəsinin Təhsil müəssisələri ilə iş sektorunun müdiri Lalə Kərimova çıxış edərək seminarın məqsədi və nazirliyin musiqi təhsili sahəsində həyata keçirdiyi işlər haqqında məlumatı diqqətə çatdırdı. Bildirdi ki, Azərbaycan simli musiqi alətləri arasında texniki və dinamik imkanlarına görə ən mükəmməl və təkmil çalğı aləti olan tar 2012-ci ildə “Simli musiqi aləti tarın hazırlanma və ifaçılıq sənəti” nominasiyası kimi UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Bu işdə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın böyük rolu olub.
Vurğulandı ki, nazirlik tərəfindən milli musiqi alətlərinin tədrisi, bu alətlərdə ifaçılıq sənətinin inkişafı sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Bu gün respublikamızda musiqi təhsili üçpilləli sistem üzrə aparılır. Son illər ikipilləli sistem də tətbiq edilməyə başlanıb. Hazırda nazirliyin sistemində 210 uşaq musiqi və incəsənət məktəbi fəaliyyət göstərir. 18 məktəb 11 illik təhsil sistemi üzrə çalışır. Bunlardan 15-i paytaxtda, 3 məktəb isə regionlardadır.
Qeyd olundu ki, musiqi məktəblərində fortepiano ixtisasından sonra ən çox şagird axını olan ixtisas tar ifaçılığıdır. Musiqi məktəblərinin ümumilikdə 58 mindən çox şagirdi var ki, onların 20 mindən çoxu xalq çalğı alətləri üzrə təhsil alır. “Bu rəqəmin də əsas hissəsini tar aləti təşkil etdiyi üçün bugünkü seminarın mövzusu mühüm əhəmiyyətə malikdir”, – deyə Lalə Kərimova əlavə etdi.
Bildirildi ki, nazirlik tərəfindən xalq çalğı alətləri üzrə təşkil edilən respublika müsabiqələrində yeni istedadlar aşkar edilir. Eyni zamanda məktəblərdə ustad dərsləri, təcrübə mübadilələri bu sahənin inkişafına öz töhfəsini verir.
Sektor müdiri diqqətə çatdırdı ki, dövlətimizin siyasətinə uyğun olaraq gənc istedadların mükafatlandırılması, təqaüd və müxtəlif mükafatlara təqdim edilməsi onların yaradıcı inkişafını təşviq edir. Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu ənənə davam etdirilir. Hər il musiqi sahəsində fərqlənən şagirdlər Prezident təqaüdünə layiq görülür.
Seminarda ilk olaraq Xalq artisti, tarzən Ramiz Quliyev məruzə ilə çıxış etdi. Tar alətinin dünyada təbliği, dövlətimizin mədəniyyətə, musiqi ifaçılığımıza diqqətindən danışan tarzən bu sahədə inkişafın ürəkaçan olduğunu, eyni zamanda müəllimlərin milli alətlərimizin tədrisində peşəkarlıqlarının artırılmasına, tədris metodlarından səmərəli istifadənin vacibliyinə diqqət çəkdi.
Xalq artisti tara müasir texnikanın tətbiqinin alətə xələl gətirən səs tembri yaratmasından narahatlığını da ifadə etdi, bu sahədə mühafizəkarlığın tərəfdarı olduğunu dedi. Vurğuladı ki, tarın ifa tərzində olan yüksək texniki səs və intonasiya heç bir alətdə yoxdur və çalışmalıyıq ki, tədrisdə buna xələl gətirməyək. Həmçinin məruzədə müəllimlərin peşəkarlığının artırılması, repertuar yeniliyinin vacibliyi, musiqi məktəbləri arasında təcrübə mübadiləsinin zəruriliyi qeyd olundu.
Əməkdar incəsənət xadimi, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin direktoru Nazim Kazımov bu sahədə olan problemlərdən söz açdı.
Diqqətə çatdırıldı ki, müasir dövrdə tar alətinə artırılan əlavə pərdələr, düzgün quruluş verilməməsi ifaçılıq sənətimizə ziddir.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının elmi laboratoriyasının aparıcı elmi işçisi, dosent Ariz Abduləliyev də tarın tədrisindəki problemlərdən danışdı. O, Mədəniyyət Nazirliyi tərəfindən yaradılan http://music.mctgov.az/ portalının əhəmiyyətini vurğuladı, regionlardakı musiqi məktəblərinin bu portaldan istifadəsi üçün müvafiq şərait yaradılmasının zəruriliyini qeyd etdi. A.Abduləliyevin sözlərinə görə, tara əlavə pərdələrin vurulması, yad xalların ifası yolverilməzdir və buna qarşı bütün görkəmli sənət adamları birlikdə mübarizə aparmalıdırlar.
Seminarda həmçinin standart və gücləndirilmiş proqram, eləcə də repertuarın zənginləşdirilməsi baxımından tanınmış bəstəkarların tar konsertlərinin tədrisə daxil edilməsi fikirləri səsləndirildi, müzakirələr aparıldı.
Tədbirin sonunda Xalq artisti Ramiz Quliyevin müəllifi olduğu tar ifaçılığı ilə bağlı kitabdan min nüsxə musiqi məktəblərinə hədiyyə edildi.
L.AZƏRİ