Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının layihəsi üzrə, Mədəniyyət Nazirliyinin dəstəyi ilə dekabrın 17-də başlanan Vokalçılar festivalı davam edir. Dekabrın 18-də festival çərçivəsində Azərbaycan Milli Konservatoriyasında açıq ustad dərsi keçirilib.
Ustad dərsləri başlamazdan əvvəl Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi və “Mədəniyyət” kanalının direktoru, Əməkdar artist Ramil Qasımov çıxış ediblər. Bildirilib ki, festivalın əsas məqsədi Azərbaycan klassik vokal musiqisinin inkişafı və təbliği, gənc nəsildə yüksək musiqi zövqünün formalaşdırılmasıdır.
Sonra Milli Konservatoriyanın müəllim və tələbələrinin, xor kollektivinin ifasında Azərbaycan və dünya klassik musiqi inciləri səslənib. Milli vokal kafedrasının rəhbəri, Xalq artisti Azər Zeynalovun keçirdiyi təqdimat-dərsdə konservatoriyanın müəllimləri, tanınmış vokal ifaçıları – Xalq artisti Gülnaz İsmayılova, əməkdar artistlər Anar Şuşalı, Aygün Zeynalova, Əliəhməd İbrahimov, Zemfira İsmayılova və Eleonora Mustafayeva, habelə istedadlı tələbələr çıxış ediblər.
Festival çərçivəsində daha bir konsert dekabrın 18-də Beynəlxalq Muğam Mərkəzində reallaşdı. XX əsr Azərbaycan bəstəkarlarının mahnı və romanslarından ibarət proqramda ən sevilən əsərlər tanınmış vokalçılar tərəfindən ifa olundu.
Konsertdə Üzeyir Hacıbəyli, Qara Qarayev, Niyazi, Fikrət Əmirov, Vasif Adıgözəlov, Asəf Zeynallı, Tofiq Quliyev, Süleyman Ələsgərov yaradıcılığından vokal nümunələrini Xalq artisti Samir Cəfərov, əməkdar artistlər Nərgiz Kərimova, Afaq Abbasova, Nadir Xasıyev, Anar Şuşalı, Zemfira İsmayılova və gənc vokalçılar səsləndirdilər.
Festival işini dekabrın 19-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında açıq ustad dərsləri ilə davam etdirib. Dərsləri BMA-nın Solo oxuma kafedrasının müdiri, Xalq artisti, professor Xuraman Qasımova və SSRİ Xalq artisti, professor Fidan Qasımova keçib. Həmin gün Kamera və orqan musiqisi zalında akademiyanın tələbələrinin konserti olub.
Qeyd edək ki, ölkəmizdə ilk dəfə keçirilən Vokalçılar festivalı dekabrın 24-dək davam edəcək.
LALƏ