Dekabrın 18-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Gənclərə dəstək” layihəsi çərçivəsində “Milli musiqi alətlərimiz milli sərvətimizdir” adlı konsert keçirilib.

Konsertdə Xalq artisti Ağaverdi Paşayevin bədii rəhbərliyi və dirijorluğu ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, respublika və beynəlxalq müsabiqələr laureatları Əfqan İsmayılov, Sənan Hacılı, Ramin Arzumanlı, Rəşid Ağayev (tar), Fərid Nağıyev (qarmon), Mahir Hacıyev (kamança) çıxış edib.

Proqramda Niyazinin “Arzu”, Oqtay Kazıminin “Məhəbbət”, Vasif Adıgözəlovun “Qərənfil”, Hacı Xanməmmədovun “Yenə o bağ olaydı” mahnıları və s. səsləndirilib.

Azərbaycan Dövlət Akademik Filarmoniyasının təşəbbüsü və Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşan “Gənclərə dəstək” layihəsi üzrə konsertlərdə mütəmadi olaraq Prezident təqaüdçüləri, respublika və beynəlxalq müsabiqələr laureatları iştirak edirlər. Həmçinin gənc bəstəkarların yaratdıqları əsərlər – pyeslər, kvartetlər, orkestr üçün əsərlər, romanslar mütəmadi səslənir.