Dekabrın 18-də Heydər Əliyev Sarayında “Qəfil gün doğsa bir gecə” adlı konsert proqramı oldu. Xalq şairi Ramiz Rövşənin məşhur şeirlərinə bəstələnən mahnılar və muğam parçalarından ibarət olan proqramda Xalq artisti Nəzakət Teymurova və Əməkdar artist Ehtiram Hüseynov çıxış edirdi.

“Hicaz” qrupunun müşayiət etdiyi konsert şairin məşhur “Toz” şeirinə yazılmış musiqi ilə başladı. Həm xanəndələrin, həm də instrumental ifaçıların çıxışları göstərirdi ki, kollektiv layihəyə ciddi hazırlaşıb. Qrupun rəhbəri Eyvaz Haşımov və Əməkdar artist Əliağa Sədiyevin improvizələrilə musiqinin müxtəlif janrlarının cəm olunduğu layihə Ramiz Rövşən yaradıcılığına fərqli baxışı nümayiş etdirirdi.

Gecədə musiqiçilərlə yanaşı “Yuğ” teatrının aktyorları da çıxış edirdilər. Əməkdar artistlər Əbdülqəni Əliyev, Yaqut Paşazadə, Qasım Nağı, aktrisa Natəvan Qeybani səhnəyə sanki tabloya əlavə edilən fərqli bir çalar qismində öz aktyor ifalarını təqdim edirdilər. Şairin şeirlərinə qurulmuş orijinal kompozisiyalar, aktyorların səsləndirdiyi şeirlərilə xanəndələrin həmahəng çıxışları Heydər Əliyev Sarayının səhnəsində qeyri-adi bir möhtəşəmlik ruhu yarada bilirdi.

Konserti tamaşaçılar üçün bir yenilik də adlandırmaq olardı. Çünki hər iki xanəndə konsertdə muğama az müraciət etdilər. Rok, caz, vokal, özünəməxsus ifa texnikaları – konsertə gələnlər Nəzakət Teymurova və Ehtiram Hüseynovu fərqli ampluada görmək şansı qazandılar. Nəzakət Teymurova mətnlərin ab-havasına uyğun olaraq sanki ani olaraq həmin mühitə düşür, vaxtilə opera səhnəsində yaratdığı Leylilərindən fərqli olaraq, xanəndə-aktrisalığın fərqli tərəfini də tamaşaçıya çatdırmaq istəyirdi.

Dərin mənalı Ramiz Rövşən poeziyasının təsirindən yaranan repdən başlayaraq muğama qədər elementləri özündə cəm edən konsertdə şairin sözlərinə on yeddi mahnı təqdim olundu.

Konsert-tamaşa kimi təqdim edilən layihənin quruluşçu rejissoru Mir Sahib Ağazadə səhnədə kədərdən nəşəyə, sevgidən nifrətə insan əhvalının bütün çalarlarını xanəndə və aktyorların qarşılıqlı oyunu şəklində tam olaraq təqdim edə bilmişdi. Təbii ki, burada “Hicaz”ın instrumental ifaçılarının da öz yeri və rolu var idi.

Konsert-tamaşanın sonunda Xalq şairi Ramiz Rövşən səhnəyə çıxaraq layihənin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirdi. Şair çıxışında tamaşaçıların diqqətinə çatdırdı ki, vaxtilə Vaqif İbrahimoğlu ilə dostluq edib və onun yaratdığı teatrın aktyorlarının bu gün bu səhnədə çıxışı heç də təsadüfi deyil. Çünki onun  yaradıcılığını teatr səhnəsinə ilk gətirən də məhz “Yuğ” teatrı olub. Şair konsert zamanı hətta 50 il bundan əvvəl yazılmış şeirlərə bəstələnmiş musiqini eşidən zaman qəribə təəssüratlar yaşadığını vurğuladı. Nitqinin sonunda şair oxucularının çox sevdiyi “Söz” şeirini səsləndirdi və konsert-tamaşa da elə bu şeirlə yekunlaşdı.

Lalə AZƏRİ