Biri-birini büsbütün tamamlayıb, zənginləşdirib individuallaşdıran duallıq...
Yuxularında butalanıb yar sorağıyca səfərlənən aşiqlər haqda çox allı sözlər, güllü dastanlar eşidib-oxumuşuq. Bu yığcamnamə isə, minbir çeşnili sənət butaları dalıyca düşüb, doğal tər-təbiət gözəllərini əbədi muzey-düzey yar-varı edən bu Sənət Aşiqi haqda yazılmışların növbətisi...
Ayrıca bir “bədii təbiət” yaradıb getdi bu fırça şairi...
Yaşam tərzi, avtoaurası, əlahiddə “mən”i, ustad “şapalaq”, batman atmacaları ilə alayıca bir ictimai xarakter OBRAZına çevrildi bu Adam...
“Əyri-üyrü” xətləri, çalın-çarpaz cizgiləri, frontal düzgü, talantal “güzgü”lərilə Azərbaycan incəsənət aləminə özəl bir gül-çiçəklik saldı –
Bu sənətkar...
Bənzərsiz işıq-kölgə fəndləri – qoşma-gəraylı ab-havalı bəndlər...
Qəlb yaxılarıyla yapdığı yozmaları, ekspromt saçmaları – seçmə poeziya misraları...
Kətan-“kitablar”ındakı hekayətlər – klassik qəzəl gözəlləri, peyzaj tablolar – “rəng-ahəng”, “təbiət-cəmiyyət”, “həqiqət-bədiiyyat” rədifli poemalar...
Fiziki gör-görkəm əkiztayı kimi səslənən ad-soyadı da bir “əlif-bey” portreti; bu imza qapsamındakılar gözümüzə təbiət naturasında görmədiklərini də görsədib...
Bu dünyanın –
Azərbaycan təbiətini hamıdan yaxşı, hər kəsdən gözəl çəkmiş bu sənətkarın adicə doğum tarixçəsi – 15.12.1909 rəqəmləri də bəndənizdə ikili (və “şübhə”li) təəssürat oyadır; görəsən, …böyüdükcə mədəni-mənəvi düzəni ruhsal fırçayla çiziləsi, qutsal rənglərlə boyanası, qlobal ilhamla fontanlayası bu qeyri-adi Adam – cəmiyyət içrə “qərib”, təbiət sarıdan qəribə varlıq həmin tarixçədə anadanmı doğulub, ya təbiətdənmi?...
Bu sənət səyyahı, zinət səyyadı qız-qadın yönəli hiss-həyəcanlarını İNCƏ sənət incilərinə – “kətan-canan”lara ithaf etdi. Həm də... yalnız nadir aşiqlərə xas olan xalis eşqlə! Məlum “bir köynək yaxın” deyiminə “beş göynək də artıq” əlavəsilə...
Bu an xəyalımda sərgilənən əsərləri üzrə kiçicik bir –
Media-rapsodiya
...Kövrəklərin ürəyi “Kəpəzin göz yaşları” kimi leysanlanır. Pessimistlər “Əbədi məşəllər”, optimistlər “Suraxanı atəşgahı” üstə köklənir...
“Xəzər gözəli”nə baxanlar tellərini yan darayır, sevgi cütlükləri “Qızılbənövşəyə gedən yol”a düşür, “Axşamçağı Ordubad bağlarında” əhd-peyman bağlayıb, “Qudyalçay vadisi”ndə qovuşur...
“Şamaxı üzümlükləri”nə “Vətənimin baharı” mövsümü kimi göz yetirən sənət sərxoşları “Əncir ağacı”ndan “Payız”sayağı doluxub, ayılmaq təhlükəsilə üzləşir, heyrətlərini “Əfsanəvi torpaq” tablosuna səpirlər...
“Azərbaycan nağılı”nın feyzindən doymayanlar bir pay “Şahnabat” dadıb, “Qayıqlar”da “Neft Daşları”na üzərək, sənət təşnəliklərini söndürürlər...
“Əmircan”a yalnız “bədii ana yurdu” kimi baxanlar qəflətdən ayılıb, bu qlobal tərənnümçünü “məhəlli”çilik lokalizminə salmaqdan çəkinirlər...
Nədən ki...
Səttar Bəhlulzadə imzası bütün gələcək möcüzələr dövründə də seçiləcək. Özü də “məntəqə”lərsiz, “dairə”lərsiz seçkilərdə seçiləcək! Belə seçilmişlər ömrü uzunu başlarını aşağı salıb çalışar, yaradar, öncə məhəlləsini, bölgəsini, sonca ölkəsini yarıdarlar. Başlarını qaldırmağa macal tapandasa görərlər, baa, özlərini də yaradıbmışlar ki!...
Bu Adam özünü astaca-astaca yaradıb. Amma yaman yaradıb!
Fizikən çəm-çəlimsiz görsənən o can ruhən çox iri, sanballı, köklü-köməcliydi!
Ömrünün son illərində muzeylərdə, asfalt-betonlu paytaxtımızın qədim “Qoburnat bağı” (“Filarmoniya”) təbiətində görünərdi. Biz tələbələrin gözündə canlı portret kimi obrazlaşmış bu Pir olmuş hərdən ucuz çayxana-yeməkxanalara da gəlmirdi ki, stoluna stul çəkib söhbət edək, tutalım, “dost”ları barədə özünəməxsus replikalarını eşidək. Axı, bu bənzərsizin atmacaları da (hər yeni əsəri kimi) ovqat dolu səs-küylərə səbəb olurdu!
Bu sənət qartalının qırğı gözləri bizlərinkindən uzaq düşənləri əlbəəl görərdi! Necə ki, tilovvarı barmaqları çox rəssamın fantaziya çevrəsindən iraqları zaman-zaman “tovlayıb”-ovlayırdı...
Sirli sir-sifətində bütöv bir cəmiyyət təbiəti bərqərardı; qaşları daim sənət hədəfli yaylar kimi çatılı. Uzun saçlarının rəngləri, fənər gözlərinin işığı, halət-siluet “qarışığı”nın şölələri ilahi bir palitra!...
Necə ki –
bu Adam Vətən təbiətini çəkib-yaratdıqca qurtarmırdı, özü haqda da yazdıqca qurtarmır; xarakterindəki “işıq-kölgə” kontrastları, “model-modul” effektləri heç bir qəlibə, ənənəviçilik ip-sapına yatmır.
İlk ixtisas təhsilini Azərbaycan Dövlət Rəssamlıq Məktəbində almış, V.İ.Surikov adına Moskva Rəssamlıq İnstitutuna qəbula “bidad-bikəs” gedib ustad qayıtmış bu sənətkarın auditoriya və həyat tələbələrindən bir çoxu da bir-birini əvəz edən “gələcək”lərdə ustada çevrilib.
Bu milli-mental kişinin ağır-uğur davranışları sənət adamları üçün məclis-mərəkə etiketlərinə çevrilib. İmpressionizm nümunələrinin bəziləri bu cərəyan banilərinin özlərini belə heyrətə gətirib...
Bunların harmoniyasından bütöv bir sənətkar şəxsiyyəti yaranıb ki, özü saysız yazı-kitab-kadrlarda, irsindən nümunələr dünyanın möhtəşəm muzeylərində yaşamaqda.
Və...
bu dünyaya yalnız ailə-övlad yaradıcılığı, o dünyaya son kimi baxanlar elə zənn etməsinlər ki, bu qədər sənət zürriyyətlərinin atası Səttar Bəhlulzadə sonsuz getdi! Kimin buna şəkki varsa, onun vəfalı və səfalı “ömür yoldaşı”na – Təbiətə varıb, soruşa bilər. Əlbəttə, əgər bu əzəli-əbədi “xanım”ın dilini Səttar ər-bəyin bildiyinin mində biri qədər bilirsə, çiçəyini-gülünü bu Aşiqin yüzdə biriycə sevirsə...
Tahir ABBASLI