Latviyanın paytaxtı Riqanın əsas konsert salonu – Böyük Gildiyada Azərbaycanın Əməkdar artisti Fuad İbrahimovun dirijorluğu ilə Latviya Milli Simfonik Orkestri konsert proqramı ilə çıxış edib.

Proqramda dünya simfonik musiqisinin şedevrləri – P.Çaykovskinin beşinci simfoniyası, V.A.Motsartın “Sehrli fleyta” operasından uvertürası və klarnet və orkestr üçün əsərləri ifa olunub.

Solisti latviyalı ifaçı Martinş Tsirsenis olan konsertdə təqdim olunan ifalar, eləcə də Fuad İbrahimovun peşəkar dirijorluğu tamaşaçılar tərifindən sürəkli alqışlarla qarşılanıb.

Fuad İbrahimovun qastrol marşrutları ənənəvi olaraq dünyanın ən müxtəlif ölkələrindən keçir. Həmyerlimiz bu il Fransa, Almaniya, Yaponiya, İspaniya, İsveçrə, Rumıniya, Rusiya və başqa ölkələrdə uğurla çıxış edib.

O dəflərlə Latviyada çıxış etdiyindən yerli musiqisevərlər Fuad İbrahimovun sənəti ilə artıq tanışdır. Latviya Milli Simfonik Orkestri Baltikyanı ölkələrin ən yaxşı simfonik kollektivi kimi tanınır. Ötən mövsümdə orkestrin pultu önünə Vasili Sinayski, Vladimir Fedoseyev, Jan-Klod Kazadezyus kimi məşhur dirijorlar çıxıb.