Yaxud işıqlı səhnənin qaranlığına elegiya

Dahilər həyatı teatr səhnəsinə bənzədərkən bizlərə onu sevərək yaşamaqdan çox yaşayaraq sevməyi təlqin ediblər, yəqin. Bir növ yaşamağa, sevməyə, sevdirməyə səsləyiblər. Milli teatr tariximizin araşdırılması, teatrşünas kadrların yetişdirilməsi və ümumilikdə teatrın kütləvi incəsənət sahəsi kimi təqdimatında bu aşiqlik onda hər zaman böyük olub. Elə ona görə də onu xatırlayanlardan – həmkarlarından, tələbələrindən, iş yoldaşlarından – necə adam olduğunu soruşanda bir ağızdan deyilirmiş kimi “Məmmədşah müəllim teatrın Məcnunu idi” sözlərini eşidirsən.

80 illik yubileyin xatirələr işığında bu səmimi aşiqi yad etdikcə bir daha bu həqiqəti anlayırsan: həyat səhnəsinin alqış payı xatirələrdə dinirmiş...

Hələ lap uşaqlıqdan həyat səhnəsində dramatik mizanlarla “oyuna” alışan Məmmədşah Atayev bütün qəlbi ilə teatr səhnəsinə bağlanır. Onun al-əlvan pərdələri, gül-çiçək yağışları, alqış sədaları uşaq qəlbini ovsunlayır. Zamanla bu sevgi o qədər böyüyür ki, səhnə arxasına, oradakı soyuq qaranlıqlara da keçir. Həvəskar aktyoru bir ömürlük özünə bağlamağı bacarır.

Hələ Qubada internat məktəbində oxuyarkən tədbirlərdə çıxışlar edən M.Atayev 15 yaşında dram dərnəyinə yazılır. Üç il ərzində bir sıra tamaşalarda müvəffəqiyyətlə çıxış edir, dərnək səhnəsində Vaqif, Qacar, Şeyx Nəsrullah və s. rolların ifaçısı kimi tanınmağı bacarır. İstedad və səhnə sevgisi nəticəsində taleyini Bakı ilə bağlayır. Arzularının şəhərində sevdiyi sahə üzrə təhsil alır. 1956-1986-cı illərdə Akademik Milli Dram Teatrında aktyor, truppa müdiri kimi fəaliyyət göstərir.

Milli teatr tariximizin yorulmaz tədqiqatçısı özünün şəxsi əşyaları və müəyyən arxiv sənədləri ilə Azərbaycan Dövlət Teatr Muzeyinin fondunu zənginləşdirib. Filoloji təhsil aldıqdan sonra özünü bütünlükdə teatr sənəti tarixinin öyrənilməsinə həsr edən sənətşünas bu sahədə çoxsaylı araşdırma və məqalənin müəllifidir. 10 cildlik “Azərbaycan Sovet Ensiklopediyası” üçün 22, ikicildlik “Azərbaycan Ədəbiyyatı və İncəsənəti Ensiklopediyası” üçün 5 məqalə yazıb. Ş.Rustaveli adına Gürcüstan Dövlət Teatr İnstitutunda “Cəlil Məmmədquluzadənin əsərləri Azərbaycan səhnəsində” mövzusunda dissertasiya müdafiə edərək (1983) sənətşünaslıq üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alan teatrşünas alimin “Həsənağa Salayev” (1974), “Cəlil Məmmədquluzadə əsərlərinin səhnə taleyi” (1991) monoqrafiyaları da işıq üzü görüb.

İndiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) pedaqoji fəaliyyətə başladığı vaxtdan (1985) “Teatr işinin təşkili”, “Səhnə texnikası və tamaşasının bədii tərtibatı” fənlərindən dərs deyən alim bu sahədə ciddi ehtiyac duyulan proqram və metodiki vəsaitlər hazırlayıb. Pedaqoji fəaliyyəti müddətində ADMİU-nun Tədris teatrının direktoru, universitetin Elmi şurasının katibi, müxtəlif illərdə Aktyor sənəti, Teatr və kino sənəti fakültələrinin dekanı olmuş alim teatrşünas, aktyor, rejissor kadrların hazırlanmasında da səylə çalışıb.

Yorulmaz tədqiqatçı paralel olaraq Azərbaycan Teatr Xadimləri İttifaqında milli teatr sənəti korifeylərinin həyat və yaradıcılığını, Akademik Milli və Rus Dram teatrlarının inkişaf yolunu əks etdirən fundamental sərgilər, həmçinin Azərbaycan teatr rəssamlığı tarixində ilk dəfə olaraq rəssamların tamaşalara çəkdikləri eskizləri müvafiq muzey və teatrların fondlarından toplayaraq sərgisini təşkil edib.

Bu sahədəki gərgin əməyinin davamı olaraq teatrşünas alimlər Qulam Məmmədli və İlham Rəhimlinin də araşdırmalarından istifadə etməklə tərtib etdiyi  “Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının fotosalnaməsi” adlı kitabda minlərlə müəllif, mütərcim, aktyor, rejissor, truppa müdiri, bədii-quruluş heyətindən texniki işçilərədək ümumilikdə həyatını o teatrla bağlayan hər kəsi əhatə edən fotoyaddaş yarada bilib.

Məmmədşah Atayevin araşdırmaları bununla da məhdudlaşmır. Keçmişə müasirlik prizmasından yanaşan, topladığı materialları müqayisə edib maraqlı ümumiləşdirmələr aparan tədqiqatçı daha bir sanballı işə imza atır. İkicildlik “Akademik Milli Dram Teatrı” adlı nəşr ümumilikdə milli teatr tariximizə, xüsusilə ana teatrımızın keçdiyi yola biblioqrafik nəzər salmamıza imkan verir. Ömrünün son illərində (2004-2006) İstanbul Beykent Universitetinin İncəsənət fakültəsində çalışan M.Atayev “Teatr işinin təşkili”, “Sənət texnikası” fənlərindən dərs deyib və fakültənin Elmi şurasına üzv seçilib.

Beləcə sadiq qaldığı teatr, sənət sevgisini ölkə sərhədlərindən kənara da daşıyıb, Azərbaycan teatrı, onun görkəmli təmsilçiləri, ümumilikdə çağdaş dövrün teatr mənzərəsi haqqında Türkiyənin nüfuzlu sənət dərgilərində məqalələrlə çıxış edib.

Fədakar alimin bu günə qədər çap olunan kitab və monoqrafiyalarından başqa arxivində saxlanılan və çapa hazır olan “Səhnə və sənətkar”, “M.F.Axundzadə əsərlərinin səhnə tarixi”, “Sidqi Ruhulla” kimi araşdırmaları da var.

Ömrünün sonuna (2011) qədər mənsub olduğu xalqa, həyatı qədər sevdiyi teatra sevgi və sadiqliyini nümayiş etdirən alim tələbələrinin, sənət dostlarının qəlbində adındakı şahlıq taxtını qurmağı da bacardı.

Kimsənin qəlbinə dəymədən, yaxşı insan olmaqdan savayı “əlindən heç nə gəlməyən” bu fədakar insan bir alim, tədqiqatçı, vətəndaş nümunəsi kimi hər zaman sevgi ilə anılacaq.

İşıqlı səhnələrdən alqışlanıb, gül-çiçək yağışına tutulmadan, sakitcə, səssiz-səmirsiz yola salınsa da...

Həmidə NİZAMİQIZI