Vaşinqton şəhərində Azərbaycanın dahi şairi İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd edilib.
Vaşinqton Beynəlxalq Piano İncəsənət Şurasının “Sönməz Məşəl” İctimai Birliyi ilə birgə təşkil etdiyi tədbiri Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov açaraq Nəsiminin həyat və yaradıcılığı haqqında qonaqlara geniş məlumat verib. O, Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edildiyini diqqətə çatdıraraq bunun şairin şəxsiyyətinə və ədəbi irsinə olan yüksək ehtiramın nümunəsi olduğunu deyib. Vurğulanıb ki, Nəsimi yaradıcılığı və düşüncələri dünya tolerantlığında dərin iz qoyub və bu gün şairin 650 illiyinin bir çox ölkələrdə qeyd olunması onun düşüncələrinin və irsinin yaşamasının göstəricisidir.
Vaşinqton Beynəlxalq Piano İncəsənət Şurasının yaradıcısı və prezidenti Şato Qardeki Azərbaycanın “Sönməz Məşəl” İctimai Birliyi ilə artıq ikinci dəfədir ki, birgə layihə həyata keçirdiyini deyib, 2017-ci ildə Xocalı qətliamı qurbanlarının xatirəsinə həsr olunmuş “Sülh laylası” konsertinin təşkil edildiyini xatırladıb.
Sonra Nəsiminin “Sığmazam” qəzəlinə amerikalı bəstəkar Endrü Çelentanonun bəstələdiyi musiqinin premyerası keçirilib. Amerikalı qiraətçi Con Vilyams qəzəlin ingilis dilinə tərcümə edilmiş versiyasını səsləndirib.