“Türk Hava Yolları”nın jurnalında Bakı haqqında məqalə
“Türk Hava Yolları”nın “Skylife” jurnalının dekabr buraxılışında paytaxtımız haqqında geniş məqalə dərc olunub. “Bakı – mədəniyyətlərin qovuşduğu şəhər” adlı məqalədə “küləklər şəhəri”nin ecazkar məkanları və mətbəx zənginliyi altı yarım başlıq altında təqdim edilir.
Anita Rao Kaşi adlı müəllifin baş şəhərimizə səfərindən sonra qələmə aldığı yazıda UNESCO-nun Ümumdünya irs siyahısına daxil edilən qədim İçərişəhər (Qız qalası, Şirvanşahlar saray kompleksi ilə birgə), müasir memarlığın unikal örnəklərindən hesab olunan Heydər Əliyev Mərkəzi, habelə şəhərdəki xristianlığın müxtəlif qollarına məxsus kilsələr mütləq görülməli məkanlar kimi qeyd edilir. Bundan əlavə, yazıda paytaxtımızın mərkəzi küçələri, Fəvvarələr meydanı, Dənizkənarı Milli Park, Atəşgah məbədi, “Alov Qüllələri” kompleksi və Dağüstü park haqqında ətraflı məlumat verilir.
Bakının füsunkar görünüşünə heyran qaldığını dilə gətirən müəllif Azərbaycan mətbəxinin özünəməxsusluğunu vurğulayır. O, həmçinin səfərdən zövq almaq üçün səhər, günorta və axşam saatlarında hansı məkanlara baş çəkməyin daha məqsədəuyğun olduğu barədə oxuculara tövsiyələr də edir.
Məqalədə Bakının turizm potensialı, müasir infrastrukturundan da söz açılır, son illərdə qonşu Rusiya, Gürcüstan, İran və Türkiyə ilə bərabər, Avropadan da gələn turistlərin sayının artdığı qeyd olunur.
Yazıda eyni zamanda haqqında bəhs edilən məkanların fotoları da yer alıb.
Qeyd edək ki, türk və ingilis dillərində nəşr olunan “Skylife” jurnalının tirajı 280 min, aylıq oxucu kütləsi 5 milyondan çoxdur. Jurnalın dekabr buraxılışı ay ərzində “Türk Hava Yolları” vasitəsilə səyahət edən sərnişinlərə təqdim olunacaq.