“Bakı Prosesi” bu gün BMT tərəfindən çox önəmli, bəlkə də ən vacib platforma kimi tanınır. Bu proses çərçivəsində əməkdaşlıq daha yeni pilləyə qalxdı. Eyni zamanda, Bakıda ənənəvi olaraq Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Humanitar Forumu, BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu və “Bakı Prosesi” çərçivəsində aparılan işlər dini və milli zəmində olan ixtilafların azaldılmasına xidmət göstərir. Bu gün Azərbaycanın rolu artıq birmənalı şəkildə tanınır və təqdir edilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu sözləri dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibəsində deyib.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Bu unikal təcrübə artıq bir çox ölkələr tərəfindən öyrənilir: “Ona görə biz bu siyasəti apararkən hesab etdik ki, əgər geniş beynəlxalq əməkdaşlıq bu istiqamətdə qurularsa, bu, həm bizim üçün daha yaxşı olacaq, həm də biz regionda mövcud olan vəziyyətə də müsbət təsir göstərəcəyik.
İkincisi, biz hesab etdik ki, Azərbaycan bu missiyanı öz üzərinə götürə bilər - təkcə tarixi keçmişinə görə yox, eyni zamanda, bugünkü siyasətinə görə. Çünki bizim siyasətimiz əməkdaşlığa hesablanıb”.
Prezident qeyd edib ki, Azərbaycan 2008-ci ildə mədəniyyətlərarası dialoq təşəbbüsü ilə çıxış edəndə dünyada tendensiyalar mənfi istiqamətə gedirdi. Bu gün də dünyada, o cümlədən Avropada ayrı-seçkilik meyilləri güclənir. Ancaq biz bunun təzahürlərini təxminən 10 il bundan əvvəl görməyə başladıq və “Bakı Prosesi” adlandırılan layihəni, siyasi təşəbbüsü irəli sürdük: “Dünya miqyasında Azərbaycan qədər bu məsələyə diqqət yetirən və nəticə əldə edən ikinci ölkə tapmaq çətindir. Bunu təkcə mən demirəm, bunu Azərbaycanda milli-mənəvi dəyərlər, dinlərarası dialoq sahələrində əldə edilmiş uğurları tanınmış və aparıcı siyasi və dini liderlər qeyd edir”.
Prezident onu da diqqətə çatdırıb ki, Azərbaycan müsəlman dünyasının ilk ölkəsidir ki, Vatikanda İslam tarixinə, mədəniyyətinə aid sərgi keçirib: “Biz müsəlman dəyərlərinin Avropada təbliğ edilməsində çox böyük rol oynayırıq. Təsadüfi deyil ki, müsəlman ölkələrinin rəhbərləri bu sahədəki fəaliyyətimizə yüksək qiymət verirlər. Eyni zamanda, bu yaxınlarda dini liderlərin Bakıda keçirilən Zirvə görüşündə iştirak etmiş Moskva və bütün Rusiyanın patriarxı Kirill, bir neçə il bundan əvvəl ölkəmizdə rəsmi səfərdə olmuş Roma Papası Fransisk də bu sahədə Azərbaycanda görülən işləri yüksək qiymətləndirib. Bunu deyən dini liderlərdir. Bunu deyən adamların arxasında milyardlarla insan var”.
Dövlət başçısı daha sonra deyib: “Hesab edirəm ki, bizim yaratdığımız platforma bu gün yüksək səviyyədə qiymətləndirilir və buna ehtiyac var. Bütün bu forumlardan sonra mənim ikitərəfli görüşlər əsnasında yəqin etdiyim odur ki, bütün iştirakçılar çox böyük minnətdarlıqla bizə müraciət edərək deyirlər ki, nə yaxşı ki, siz bu işi öz üzərinizə götürmüsünüz. Ona görə, yenə də deyirəm, bu, ilk növbədə, bizim özümüzə lazımdır, regionumuza lazımdır, dünyaya lazımdır”.
Qeyd edək ki, Prezident İlham Əliyev jurnalistlərə müsahibəsində 2019-cu ildə ölkəmizin inkişaf istiqamətləri, sosial-iqtisadi sahədə həyata keçirilən tədbirlər, regional və qlobal miqyasda Azərbaycanın atdığı addımlar və əldə edilən diplomatik nəticələr, Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri barədə danışıb. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı suala cavabında dövlət başçısı vurğulayıb ki, Ermənistan rəhbərliyinin danışıqlarda qeyri-konstruktiv mövqe tutması və beynəlxalq vasitəçilərin işğalçı ölkəyə təsir göstərməməsi səbəbindən 2019-cu il danışıqlar prosesi üçün itirilmiş ildir.
Ölkədə aparılan struktur və kadr islahatları barədə danışan Prezident İlham Əliyev vurğulayıb ki, bu, genişmiqyaslı islahatların tərkib hissəsidir. Dövlət başçısı həmçinin növbədənkənar parlament seçkiləri, iqtidar-müxalifət münasibətləri barədə də fikirlərini bölüşüb.