Xəbər verdiyimiz kimi, “Nəsimi ili”nə töhfə olaraq dahi şair haqqında 1973-cü ildə “Azərbaycanfilm” kinostudiyasında lentə alınan film Mədəniyyət Nazirliyinin dəstəyi ilə rəqəmsal formatda yenilənib. Layihə “Balans” milli rəqəmsal studiyası tərəfindən həyata keçirilib.

Dekabrın 20-də Nizami Kino Mərkəzində “Nəsimi” filminin yenilənmiş versiyası tamaşaçılara təqdim olundu.

Tədbiri giriş sözü ilə açan “Balans” studiyasının rəhbəri Vahid Mustafayev qeyd etdi ki, studiya bundan əvvəl Tofiq Tağızadənin “Mateo Falkone” və Ağarza Quliyevin “Ulduz” bədii filmlərini rəqəmsal formatda yeniləyib. Görkəmli rejissor Həsən Seyidbəylinin “Nəsimi” filmi bu layihə üzrə yenilənən üçüncü filmdir. Onun sözlərinə görə, Mədəniyyət Nazirliyi ilə birgə layihəyə əsasən daha 15 ekran əsəri bərpa olunacaq.

“Nəsimi” filmində Nəsiminin ustadı Nəiminin qızı Fatimə obrazını yaratmış Xalq artisti Xalidə Quliyeva bu rola necə seçilməsi haqqında danışdı: “Film çəkilən zaman 19 yaşım vardı. Həsən Seyidbəyli məni çağırıb dedi ki, apar, ssenarini oxu. Hansı obrazı bəyənsən, ona da çəkiləcəksən. Mən valideynlərimi çox erkən itirmişdim və Fatimənin ağrı-acısı mənə yad deyildi. Buna görə də Həsən Seyidbəyliyə dedim ki, Fatiməni canlandırmaq istəyirəm. O da etiraz etmədi”.

Mərasimdə daha sonra Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev və Xalq artisti Əbdül Mahmudov çıxış edərək filmin rəqəmsal formatda yenilənməsinə görə “Balans” studiyasına və bu layihəyə dəstək verdiyinə görə Mədəniyyət Nazirliyinə təşəkkürlərini bildirdilər.

Sonda “Nəsimi” bədii filminin yenilənmiş versiyası nümayiş olundu.

Qeyd edək ki, kinorejissor Həsən Seyidbəyli filmi Xalq yazıçısı İsa Hüseynovun ssenarisi əsasında ekranlaşdırıb. Filmin quruluşçu operatoru Rasim İsmayılov, quruluşçu rəssamları Məmməd Hüseynov və Mais Ağabəyov, bəstəkarı Tofiq Quliyevdir. Baş rolu Rasim Balayevin oynadığı filmdə Yusif Vəliyev, İsmayıl Osmanlı, Səməndər Rzayev, Məmmədrza Şeyxzamanov və başqa məşhur aktyorlar çəkilib.

Nurəddin MƏMMƏDLİ