Ötən illərin filmləri
Türk milli kimliyinin ekran təcəssümü
Oğuz türklərinin böyük söz abidəsi olan “Kitabi-Dədə Qorqud”un elm aləminə tanıdılmasının 200 illiyinin qeyd olunduğu 2015-ci il dastanla bağlı başqa bir sənət hadisəsinin də əlamətdar yubileyidir. “Ötən illərin filmləri” rubrikasında bu dəfə Xalq yazıçısı Anarın ssenarisi əsasında 1975-ci ildə ekranlaşdırılan “Dədə Qorqud” bədii filmindən söz açacağıq.
"Dədə Qorqud" Azərbaycanda istehsal olunan ilk ikiseriyalı filmdir. Ancaq filmin ikiseriyalı çəkilişi əvvəlcədən planlaşdırılmayıb. Sadəcə, çəkilişdən sonra baxılan lentdəki materialın kifayət qədər çox olması bu zərurəti yaradıb. Ekran əsərində əsasən eposun iki boyundan istifadə edilib.
Filmin quruluşçu rejissoru Tofiq Tağızadə, quruluşçu operatoru Rasim İsmayılov, ikinci rejissoru Akif Rüstəmov, quruluşçu rəssamı Nadir Zeynalov, bəstəkarı Emin Sabitoğlu, direktoru Nazim Ələkbərovdur. Rollarda Həsən Məmmədov, Rasim Balayev, Həşim Qadoyev, Givi Toxadze, Hamlet Qurbanov, Fərhad Yusifov, Dinarə Yusifova, Leyla Şıxlinskaya, Şəfiqə Məmmədova, İnarə Quliyeva, Elçin Məmmədov, Əli Haqverdiyev, Gündüz Abbasov, Əfrasiyab Məmmədov və başqaları çəkiliblər.
“Əziyyətimiz hədər getməyib”
Filmin ikinci rejissoru, Əməkdar mədəniyyət işçisi Akif Rüstəmov ilk çəkiliş günündən film təhvil verilənə qədər prosesdə iştirak edib. Deyir ki, tarixi mövzulu filmin çəkilişinin özünəməxsus çətinlikləri olur. Ayrılan maliyyə vəsaiti də az idi. Əvvəldən bir seriya nəzərdə tutulmuşdu. Anar müəllim ssenarini elə yazmışdı ki, filmin 75 faizini işləyəndən sonra başa düşdük ki, bir seriyaya sığmayacaq. Ona görə Moskvaya məktub yazıb icazə aldılar. Amma icazə verilsə də, maliyyə vəsaitini artırmadılar. Rəhmətlik Tofiq Tağızadə və Rasim İsmayılov dedilər ki, biz bu filmi necə olursa-olsun ərsəyə gətirməliyik. Hətta iki seriya olması üçün Anar müəllim ssenariyə əlavələr də etdi.
Həmsöhbətim çəkiliş prosesinin bəzi məqamlarından söz açdı. Film üçün 75 at sifariş verilibmiş. Moskvada “Kavaler” polku var idi. Həmin polkda filmlər üçün 300-ə yaxın at bəslənirdi. Amma maliyyəmiz az olduğu üçün 15 at gətirə bildik. Qalanları isə kəndlərdən yığıldı. Moskvadan gələn atlarla müqayisədə kəndlərdən gələn atlar kamera qarşısında çəkiliş zamanı böyük çətinlik yaradırdı. Bu məqamda operatorun da əməyi böyük oldu. Atları elə lentə alırdı ki, sayı çox görünürdü. Filmdə Qazan xanın buğanı yıxma səhnəsi də realdır. Həşim Qadoyev (Tacikistanın Xalq artisti) heç bir montaja razılıq verməyib özü çəkildi. Şirlə olan səhnəni kinostudiyanın həyətində çəkirdik. Çəkiliş zamanı hay-küy və işıq effektləri üzündən şir meydançadan çıxaraq kinostudiyanın həyətinə qaçdı. Hamı gizləndi və təlimçilər şiri axtarmağa başladılar. Ən gülməlisi o idi ki, şir camaatın səs-küyündən qorxaraq kinostudiyanın həyətindəki enli borunun içində gizlənmişdi...
A.Rüstəmov geyim sahəsində çətinliklər çəkdiklərini bildirir: “Geyim rəssamı Bədurə Əfqanlı ilə trikotaj fabriklərinin anbarına gedib oradan artıq materialları, qalıqları seçib tikiliş üçün alırdıq. Hər filmin öz əziyyəti var. İndi 40 il keçib adama elə gəlir ki, hadisələr dünən baş verib. Birgə işlədiyimiz insanların çoxu artıq dünyada yoxdur. Film prokat zamanı on qat pulunu çıxarmışdı. Əsas odur ki, 40 ildir xalq bu filmə baxır. Hər dəfə televiziyada nümayiş olunanda maraqla baxıram, ötənləri xatırlayıram. Film bu gün də sevilirsə, demək əziyyətimiz hədər getməyib”.
“Anar müəllim təkərləri bizimlə birlikdə dağa qaldırırdı...”
Filmin operatorlarından biri, Əməkdar incəsənət xadimi Yuri Varnovski də çəkiliş barədə xatirələrini danışdı: “Bu filmin çəkilişlərində çox istedadlı qrup cəm olmuşdu. Tofiq Tağızadə vulkan kimi emosional şəxsiyyət, qeyri-adi istedad sahibi idi. Çox həssas, professional sənətkar idi. Onun yaradıcılıq impulsu çətin tapşırıqların öhdəsindən asanlıqla gəlməyə imkan yaradırdı. Filmdə mənim birgə çalışdığım Rasim İsmayılov da öz işində çox tələbkar idi. Üç istedadlı insanın - Anar, Tofiq Tağızadə və Rasim İsmayılov işinin nəticəsi 40 ildir ki, ekranlardan tamaşaçını heyran edə bilir”.
Operator deyir ki, o vaxt sənətə yeni gəlmişdi, assistent kimi çalışır və ikinci operator işini görürdü: “Çox naturalar seçmişdik. İnsan ayağı dəyməyən yerləri xatırladan məkanlar tapılmalı idi. May-iyul aylarını Pirquluda çəkilişlər apardıq. Pavilyonlar kinostudiyada quruldu. İlk dəfə böyük dekorasiyalardan, dekorasiya zamanı penoplastdan bu filmdə istifadə edildi. Saray dekorasiyaları da mükəmməl alınmışdı. Filmdə real dünyanı göstərməli idik. Kütləvi çəkilişlərdə çətinliyimiz olurdu. Filmin ən çox sevdiyim kadrlarından biri də Naxçıvanda dağları və dağ başında yanan alovların çəkilişi oldu. Anar müəllim filmin ərsəyə gəlməsi üçün bizdən də çox çalışırdı. Bütün çəkilişlərdə iştirak edir, köməyini əsirgəmirdi. Naxçıvanda çəkiliş zamanı 3 nəfərlik heyət idik və alovları çəkən zaman çıxılmaz vəziyyət yarandı. Anar müəllim özü yandırmaq üçün təkərləri bizimlə birlikdə dağa qaldırır, istədiyimiz nəticə əldə edilənə qədər çalışırdı...”
Vətənpərvərlik duyğularının ifadəsi
Tanınmış folklorşünas alim, professor Məhərrəm Qasımlı filmin vaxtında və yerində çəkildiyini deyir. Qeyd edir ki, o dövrdə Azərbaycanda gedən proseslər tarixi yaddaşın bərpası, milli kimlik duyğusuna istiqamətlənmə mənasında çox əhəmiyyətli idi və oyanma prosesi getdikcə sürətlənirdi. Bu baxımdan “Dədə Qorqud” filmi çox yerinə düşdü: “Film bütün ədəbi-mədəni prosesin işini təkbaşına görə bildi. Bütün SSRİ miqyasında, sonralar elə dünya miqyasında da dastan və obrazlarla Azərbaycan milli kimliyini tanıtdı. Həmin vaxta “Kitabi-Dədə Qorqud” haqqında Həmid Araslının kitabları, digər ədəbiyyatlar var idi. Amma bu, məhdud oxucu arasında yayılmış mətnlər idi. Film isə bütövlükdə xalqa doğru getdi və o dönəm üçün Azərbaycan xalqında vətənpərvərlik hissinin, milli özünüifadə duyğusunun formalaşmasında mühüm rol oynadı. Anar müəllim ssenaridə eposa sadiq olsa da, özünün təxəyyül imkanları, özünəməxsus yaradıcılıq manevrləri, bəzən mətnaltı yazıçı maneraları da çox böyük, uğurlu nəticələrə imkan yaratdı. Misal üçün, “torpağı qorumursansa əkmə, əkirsənsə qoru” düşüncəsi dastanın mətnində yer almayıb. Bu fikri filmə Anar əlavə edib və sonradan dillər əzbərinə çevrilib”.
İlk dəfə olaraq biz Dədə Qorqudun ağsaqqal müdrikliyini, Qaraca çobanın, Qazan xanın, Beyrəyin yenilməzliyi simasında özümüzün milli kimliyimizi görə bildik: “Filmdə dastana nisbətən nə qədər çatışmayan cəhətlər varsa da, yenə də film öz möhtəşəmliyini qoruyub saxlayıb. Həm aktyor heyəti baxımından, həm rejissor işi baxımından, həm də professional yaradıcı heyət Azərbaycan kinosu tarixinə layiqli bir ekran əsəri hədiyyə edə bilib. Sovet dövründə milli ruhda çəkilən film həm də xalq olaraq uğurumuz idi. Ekran əsəri türk milli kimliyini irəli daşımağı bacardı. Düşünürəm ki, bu filmdən heç də sovet dövrünün qoxusu gəlmir. “Koroğlu” filmində biz inqilabçı qəhrəman ruhu görürük. Amma “Dədə Qorqud”da bunlar yoxdur. Buna görə də film uğurlu alınıb. İndi Dədə Qorquda yenidən qayıdış və yeni serial çəkilişləri barədə söhbətlər gündəmdədir. Türkmənistanda və Türkiyədə də bu yöndə işlər aparılır. Arzu edirəm ki, “Dədə Qorqud” dastanının bütün boyları əsas götürülməklə uğurlu bir rejissor işi həyata keçirilsin”.
Ceyran can hayında, aktyor öz oyununda...
Filmdə Beyrək rolunun ifaçısı, Xalq artisti Rasim Balayev deyir ki, Tofiq Tağızadə bu rola Nodar Şaşıqoğlunu çəkmək istəyirdi: “Çünki bir neçə filmdə birgə çalışmışdılar, münasibətləri yaxşı idi. Buna baxmayaraq, sınaq çəkilişlərindən sonra bədii şura Beyrək roluna məni təsdiq etdi. Beləcə çəkilişlər başladı. Düzü, mənim atla bağlı bir az qorxum vardı, bu da mənə problem yaradırdı. Buna görə də uzunmüddətli məşqlər etdik. Məşqlərdən sonra nisbətən at sürməyə alışdım.
Düşünürəm ki, “Dədə Qorqud” boylarını çəkmək üçün təkcə iki yox, bir neçə seriya, hətta serial da çəkmək olar. Amma indiki şəraitdə bu, çox çətindir. Çünki geyimlər, avadanlıq, dekorasiya və s. yaratmaq üçün kifayət qədər pul xərcləmək gərəkdir”.
Beyrəyin ceyran ovuna çıxdığı səhnənin çəkilişlərini xatırlayan aktyor maraqlı anları yada salır: “Ceyran çox cəld idi. Kənardan baxanda fikirləşirsən ki, nə qəşəngdir, balacadır, adamın xoşuna gəlirdi. Lakin ceyran heç də göründüyü kimi deyil. Onun çox iti, balaca buynuzları vardı. Çəkiliş prosesində ayaqlarını bağlayıb yerə yıxanda kəsiləcəyindən qorxduğu üçün yuxarı tullanırdı. Mən isə qorxurdum ki, tullananda buynuzu gözümə girər. Ceyran öz canının harayında idi, mən də öz canımın. Qıraqdan mənə deyirdilər ki, “yekə oğlansan, ceyrandan qorxursan?” Özümü o yerə qoymurdum, deyirdim qorxmuram. Bir gün işçilərdən biri gəlib dedi ki, “axı bunun nəyindən qorxursan?” Elə bu an ceyran necə tullandısa, buynuzu kişinin burnunu iki yerə paraladı. Dedim, “bax gördünüz, mən bundan ehtiyat edirdim”.
Xalq artisti filmdə yerli sənətkarlarla yanaşı, müxtəlif ölkələrdən də istedadlı aktyor heyətinin toplandığını və çox gözəl anlaşdıqlarını deyir: “Qazan xanı Tacikistandan Həşim Qadoyev, Alp Aruzu gürcü Givi Toxadze oynayırdı. İnarə Quliyeva Moskvadan dəvət olunmuşdu. Əsas məqsəd tamaşaçılarda o dövrə aid təsəvvür yaratmaq, türk dünyasının eposu kimi “Dədə Qorqud” haqqında insanlarda fikir aşılamaq idi.
Bu gün ürəklə deyirəm ki, əziyyətli, çətin, amma böyük bir marağa səbəb, geniş tamaşaçı auditoriyası toplaya bilən bir film ərsəyə gəldiyinə və mənim o filmdə rol almağıma dəyərdi...”
Lalə Azəri