O, yeniyetmə çağlarından aktyor olmaq istəyib və inadla bu arzusunu reallaşdırmağa can atıb. Həmin arzu və inadkar zəhmətin nəticəsidir ki, bu gün məşhur aktyor, rejissor, Rusiya Kinematoqrafçılar İttifaqının sədridir. Söhbət Rusiyanın Xalq artisti Nikita Mixalkovdan gedir.

Nikita Mixalkov 21 oktyabr 1945-ci ildə Moskvada anadan olub. Atası məşhur sovet şairi və yazıçısı Sergey Mixalkov, anası isə şairə və tərcüməçi Natalya Konçalovskayadır.
Nikita 4-cü sinfə qədər 20 saylı xüsusi təyinatlı məktəbdə təhsil alsa da, texniki fənlərə həvəsi olmadığından adi məktəbə keçir. Moskva Konservatoriyasının musiqi məktəbində piano üzrə 4 il təhsil almasına baxmayaraq, həmişə aktyorluq karyerası haqqında fikirləşir.
İlk dəfə 14 yaşında rejissor Konstantin Voinovun “Günəş hər tərəfi işıqlandırır” filmində ekranlara çıxır. Məktəbi bitirdikdən sonra K.S.Stanislavski adına Moskva Dram Teatrında çalışır. Lakin təcrübəsiz aktyora iş tapılmır, əsasən epizodik rollar oynayır. 1963-cü ildə rejissor Georgi Daneliyanın “Mən Moskvada addımlayıram” filmində Kolya rolu ilə məşhurlaşır. Bu onun sənət yolunda ilk böyük addımı olur.
Film ekranlara çıxandan sonra o, Şukin adına Teatr Məktəbinə daxil olur. Onunla eyni fakültədə gözəl və məşhur aktrisa Anastasiya Vertinskaya da oxuyurdu. Həmin vaxtlarda artıq “Al yelkənlər”də Assol və “Amfibiya adam”da Quttiere rolları ilə məşhurlaşan Anastasiya ilə Nikita arasında məhəbbət yaranır və 1966-cı ildə onlar ailə həyatı qururlar. Cütlüyün Stepan adında oğulları dünyaya gəlir. Lakin bu evlilik yalnız 4 il sürür. Ailə qurduqdan sonra gözəl aktrisanı rejissorlar ildə bir neçə filmə dəvət edirlər. Nikitanın Anastasiyanı qısqanması və sənətdən ayrılmasını istəməsi onların boşanmasına gətirib çıxarır.
Nikita Mixalkov Şukin adına Teatr Məktəbində oxumaqla bərabər, filmlərə də çəkilir. Bu, tələbələrə qadağan olduğu üçün sonuncu kursda Mixalkovu məktəbdən uzaqlaşdırırlar. Aktyor sonra Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna qəbul olunur və məşhur kinorejissor Mixail Rommdan dərs alır. Burada oxuyarkən “Stansiya gözətçisi”, “Risk”, “İdman, idman, idman” və digər filmlərə çəkilir. Diplom işi çəkdiyi “Müharibənin sonunda sakit gün” filmi VIII Tələbə Filmlərinin Festivalında mükafat qazanır.
1972-ci ildə 27 yaşında hərbi xidmətə gedən Nikita Mixalkov qayıtdıqdan sonra özünü rejissor kimi də sınayır. 1974-cü ildə Eduard Volodarski ilə birlikdə “Yadlar içində doğma, doğmalar içində yad” filmini çəkir. Bu filmin bəzi epizodları Azərbaycanda, Bakı yaxınlığında çəkilib.
Bundan sonra o, “Beş gecə”, “Piano üçün yarımçıq qalmış pyes”, “Oblomovun həyatından bir neçə gün”, “Şahidlərsiz”, “Qara gözlər”, “Urqa - sevgi ərazisi”, “Günəşdən usanmışlar”, “Sibir bərbəri”, “12”, “Günvurma” və digər filmlərə quruluş verir. “Günəşdən usanmışlar” filmi 1994-cü ildə “Oskar” mükafatına (xarici dildə ən yaxşı film) layiq görülür.
Nikita Mixalkov ikinci dəfə model Tatyana Solovyova ilə ailə həyatı qurub. Bu nikahdan 1974-cü ildə qızları Anna, 1975-ci ildə oğulları Artyom və 1987-ci ildə isə Nadya adında daha bir qızları dünyaya gəlib. O, 1998-ci ildən Rusiya Kinematoqrafçılar İttifaqına rəhbərlik edir. 2007-ci ildə 64-cü Venesiya kinofestivalında “12” filminin təqdimatında kinoya verdiyi töhfələrə görə “Xüsusi şir” mükafatına layiq görülüb.
Nikita Mixalkov Azərbaycanın da yaxın dostudur, bir neçə ay öncə Bakıda olmuş, sənət həmkarları ilə görüşlər keçirmişdi. Bugünlərdə isə 70 illik yubileyi münasibətilə Azərbaycan Prezidenti tərəfindən iki ölkə arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif olunub.

Səbinə Əlibalaqızı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar