Dekabrın 25-də “Azərkitab” Kitab Mərkəzində “Dostluq, birlik və həmrəylik” adlı uşaq və yeniyetmələrin rəsm əsərlərinin sərgisi keçirildi.

Sərgi Mədəniyyət Nazirliyinin dəstəyi, Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə gerçəkləşdi.

Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova çıxış edərək il ərzində kitabxana tərəfindən müxtəlif tədbirlərin keçirildiyini dedi: “Nəsimi ili” çərçivəsində sağlamlıq imkanları məhdud uşaqlar üçün Brayl əlifbası ilə elektron kitablar nəşr olunub. Bu gün isə ilin son tədbirinə yığışmışıq. Tədbirin adı təsadüfi olaraq seçilməyib. Burada bir çox xalqların nağılları əsasında yeniyetmələr tərəfindən rəsmlər hazırlanıb”.

Kitabxananın əməkdaşı Ceyran Cəfərli məlumat verdi ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təşkil olunan sərgidə uşaq və yeniyetmələrin dünya xalq nağılları əsasında çəkdikləri 100-ə yaxın rəsm nümayiş olunur.

Uşaq yazarı Solmaz Amanova bildirdi ki, balaca oxucular üçün nağıl kitablarında maraqlı rəsmlərə, illüstrasiyalara xüsusi fikir verilməlidir: “Çünki onların kitablarla ilk tanışlığı məhz rəsmlərdən başlayır. Uşaqlar üçün ədəbiyyatlarda rəsm və illüstrasiyalar onların anlaya biləcəyi şəkildə hazırlanmalıdır”.

Xalq rəssamı Arif Hüseynov və yazıçı Sarvan Kərimov sərgidə iştirak edən yeniyetmələri təbrik edib, onlara yeni uğurlar arzuladılar.

Tədbirin bədii hissəsində Hüseynqulu Sarabski adına 7 nömrəli Musiqi məktəbi və Şövkət Ələkbərova adına 20 nömrəli Musiqi məktəbi şagirdlərinin ifasında musiqi nömrələri səsləndirildi.

Sonda tədbir iştirakçıları sərgiyə baxdılar.

N.MƏMMƏDLİ