“Qarabağ” muğam qrupu Ankarada çıxış edib

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin “Türk dünyasından ustadlar keçdi” devizi ilə təşkil etdiyi konsertdə Azərbaycanı “Qarabağ” muğam qrupu təmsil edib.

Xalq artisti Mənsum İbrahimov ecazkar səsi ilə səhnəni fəth edib. Xanəndəni əməkdar artistlər Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança) və Kamran Kərimov (nağara) müşayiət ediblər.

Tamaşaçılar “Qarabağ” muğam qrupunun ifasını alqışlarla qarşılayıblar. Konsertə Türkiyədə yaşayan azərbaycanlı musiqiçi Abdullah Qurban dirijorluq edib. Proqramda səslənən “Almaz”, “Hay-hay”, “Mən aşiq”, “Ay Laçın”, “Aman ovçu”, “Ey nur” və s. məşhur mahnılar iştirakçıların zövqünü oxşayıb.