Yanvarın 15-də Ankarada böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyi münasibətilə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY tərəfindən elan olunan “Nəsimini anma ili”nin yekun tədbir keçiriləcək.
TÜRKSOY, Azərbaycanın Mədəniyyət Nazirliyi, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi və ölkəmizin Ankaradakı səfirliyi tərəfindən Türkiyə Milli Kitabxanasında təşkil olunacaq mərasim “Nəsimi 2019” ilinin bağlanışı ilə yanaşı, həm də görkəmli yazıçı və kinorejissor Həsən Seyidbəylinin 2020-ci ildə qeyd ediləcək 100 illik yubileyinə həsr olunur.
Tədbirdə Həsən Seyidbəylinin “Nəsimi” bədii filmi nümayiş olunacaq, sənətkarın kino yaradıcılığını əks etdirən fotosərgi açılacaq. İştirakçılara TÜRKSOY tərəfindən nəşr olunan Nəsiminin şeirlərinin 15 dildə toplandığı kitab da təqdim ediləcək.
Qeyd edək ki, 2019-cu ildə TÜRKSOY-un elan etdiyi “Nəsimini anma ili” çərçivəsində Türkiyənin ayrı-ayrı şəhərlərində, eləcə də digər türkdilli ölkələrdə müxtəlif tədbirlər, sərgi və təqdimatlar keçirilib.
Mehparə SULTANOVA
Ankara