Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə 14 yerli turizm şirkəti Hindistanın Nyu-Dehli şəhərində keçirilən “SATTE 2020” sərgisində iştirak edir.
Agentlikdən bildirilib ki, sərgidə ölkəmizin turizm imkanları 144 kvadratmetr sahədə qurulan stenddə təqdim olunur.
Sərgi çərçivəsində Azərbaycanı təmsil edən şirkətlərlə digər xarici turizm şirkətləri arasında B2B (Biznesdən-biznesə) formatlı görüşlər keçirilir, əməkdaşlıq imkanları qiymətləndirilir.
27-ci dəfə təşkil olunan “SATTE” sərgisində 50-dən çox ölkə, eyni zamanda Hindistanın 105 şəhəri təmsil olunur. Sərgi yanvarın 10-dək davam edəcək.
Qeyd edək ki, ötən il ölkəmizə gələn turist sayının artım tempində Hindistan ön sıralardan birini tutub. 2019-cu ilin yanvar-dekabr aylarında Azərbaycana səfər edən Hindistan vətəndaşlarının sayı 65 min nəfər təşkil edib ki, bu da 2018-ci ilə nisbətdə 66,8 faiz artım deməkdir.
Ümumilikdə isə 2019-cu ildə Azərbaycana səfər edən xarici vətəndaşların sayı 11,4% artaraq 3,17 milyon nəfər təşkil edib.