Yanvarın 25-də Çin təqvimi üzrə Siçan ili başlayır. Bu münasibətlə yanvarın 10-dan 18-dək Azərbaycan Milli Xalça Muzeyində “Çin təqvimi üzrə Yeni il və Bakı” adlı silsilə tədbirlər keçiriləcək.
Çin Xalq Respublikasının ölkəmizdəki səfirliyi və muzeyin təşkilatçılığı ilə reallaşacaq tədbirdə həftə ərzində Çin ənənəvi sənət nümunələri üzrə ustad dərsləri də keçiriləcək. Qədim Çin çay mərasimi, fənərlər, ənənəvi açıqcaların ieroqliflərlə yazılması və digər maraqlı ustad dərsləri Bakıdakı Konfutsi İnstitutunun (Bakı Dövlət Universitetinin nəzdində) müəllimləri tərəfindən keçiləcək və Çin dilindən tərcümədə onlara həmin təhsil ocağının tələbələri kömək edəcəklər. Bu da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə elan edilən “Könüllülər ili”nə ilk töhfə olacaq.
Ecazkar ölkənin mənzərələrindən ibarət fotosərgi, bayram atributları tədbirlərə qatılanlara əsl Çin Yeni ili ab-havası yaşadacaq. Tədbirlər hər kəs, o cümlədən uşaqlar üçün nəzərdə tutulub və iştirak ödənişsizdir.
Qeyd edək ki, Azərbaycan Milli Xalça Muzeyi Çinin Bakıdakı səfirliyi və bu ölkənin muzeyləri ilə sıx əməkdaşlıq edir. 2019-cu ildə Pekində Çin Milli Muzeyində, daha sonra isə Haynan şəhərində Cənub Çin Dənizi Muzeyində “Ecazkar Asiya – Asiya sivilizasiyaları” adlı sərgidə Heydər Əliyev Fondu və Milli Xalça Muzeyinin kolleksiyalarından Azərbaycan xalçaları və digər dekorativ-tətbiqi sənət nümunələri nümayiş etdirilib.