Ağdaş rayonunda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş Çingiz Xasay oğlu Məmmədovun xatirə muzeyi açılıb.
Şəhidin atası Xasay Məmmədovun müraciəti əsasında Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan İstiqlal Muzeyinin baş fond mühafizi Aidə Axundova Ağdaş rayonuna ezam olunub və daha sonra ictimai əsaslarla xatirə muzeyi yaradılıb. Muzey Mədəniyyət Nazirliyi və Ağdaş Regional Mədəniyyət İdarəsi tərəfindən lazımi inventar və avadanlıqlarla təmin olunub.
Açılış mərasimində şəhidin ailə üzvləri ilə yanaşı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinin nümayəndələri, rayonun mədəniyyət, təhsil işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağdaş rayon şöbəsinin nümayəndələri Emil Hacızadə və Ceyhun Cavadov çıxış edərək şəhid ailələrinin daima Ali Baş Komandan İlham Əliyevin diqqət mərkəzində olduğunu və onlara hər zaman dövlət tərəfindən xüsusi qayğı göstərildiyini bildiriblər.
Ağdaş rayon Mədəniyyət Mərkəzinin bədii rəhbəri Çingiz Qasımov rayonun mədəniyyət işçiləri adından şəhidin atasına başsağlığı verərək xatirə muzeyinin hər zaman Ağdaş Regional Mədəniyyət İdarəsinin diqqətində olacağını deyib.
Şəhidin atası Xasay Məmmədov oğlu barədə xatirələrini bölüşüb və muzeyin ərsəyə gəlməsində göstərilən diqqət və qayğıya görə Mədəniyyət Nazirliyinə, Ağdaş Regional Mədəniyyət İdarəsinə və digər qurumlara minnətdarlığını ifadə edib.