Azərbaycanın gənc musiqiçilər ordusu sıralarında belə bir ad da var: Aydan Rüstəmzadə. O, 1999-cu ildə Bakıda doğulmuşdur. Aydanın hər iki valideyni hərbçi olsa da, o, mehrini musiqiyə bağlamışdır.

Aydan Rüstəmzadə 2009-cu ildən Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin violonçel sinfində təhsil almışdır. İlk dəfə səhnəyə çıxması da o dövrdən başlamışdır. Gənc musiqiçi dəfələrlə Üzeyir Hacıbəylinin, Niyazinin, Bülbülün və başqa korifeylərin ev-muzeylərində dünya və Azərbaycan bəstəkarlarının, xüsusilə Üzeyir Hacıbəylinin «Arazbarı», «Cəngi» əsərlərini böyük uğurla ifa etmişdir.

2015-ci ilin iyun ayında Bakıda İslam ölkələri gənc klassik musiqi ifaçılarının müsabiqəsi oldu. Bu müsabiqə çərçivəsində Bakı Musiqi Akademiyasının böyük zalında keçirilən konsertdə Aydan fortepianonun müşayiəti ilə Arif Məlikovun “İki qəlbin dastanı” baletindən “Komdenin arzuları” fraqmentini ifa etmiş və bu ifaya görə xüsusi mükafata layiq görülmüşdür. 2019-cu ilin aprel ayında isə o, Bakı Xoreoqrafiya Akademiyasında konsertmeyster ustalığı üzrə “Vera Arte” adlı ilk respublika müsabiqəsinin qaliblərindən biri oldu.

Bir az keçmişə qayıdaraq xatırlatmaq istəyirəm ki, vaxtilə 19 yaşlı Fərhad Bədəlbəyli “Niyaziyə ithaf” adlı prelüd bəstələmişdi. İllər keçdikdən sonra 19 yaşlı Aydan fortepiano üçün yazılmış bu əsəri violonçel üçün işləmişdir. Bu işləməni Xalq artisti Teymur Göyçayev dinləmiş və Aydanın təşəbbüsü ilə bəstəkar Ayaz Qəmbərova “Niyaziyə ithaf” əsərini orkestrləşdirməyi məsləhət görmüşdür.

Ötən ilin 20 avqustunda – Niyazinin doğum günündə maestronun ev-muzeyində keçirilən tədbirdə gənc Aydan bu əsəri violonçeldə ifa edərək professor Fərhad Bədəlbəyli tərəfindən xüsusi təşəkkürnamə ilə təltif olunmuşdur.

Dekabrın 10-da isə “Niyaziyə ithaf” əsəri Bakı Musiqi Akademiyasında keçirilmiş XII Beynəlxalq “Future Stars” klassik musiqi festivalının açılışında səsləndirildi. Bu əsəri Teymur Göyçayevin dirijorluğu ilə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin “Tutti” kamera orkestri ilk dəfə ifa edirdi. Solist kimi isə Aydan Rüstəmzadə çıxış edirdi.

Hazırda gənc Aydan M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrində çalışır. O, həmçinin Xalq artisti Rauf Abdullayevin bədii rəhbərliyi və baş dirijorluğu altında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrində çıxış etməyə hazırlaşır. Gənc musiqiçi dəfələrlə müxtəlif müsabiqələrin laureatı olmuş, diplomlar, təşəkkürnamələr almışdır. Ona Türkiyənin İstanbul, Ankara şəhərlərində təhsilini davam etdirmək üçün təkliflər gəlib. Aydan ali təhsilini  magistr pilləsində P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında davam etdirmək niyyətindədir.

Aydan həm də gözəl şeirlər müəllifidir. “Ana”, “Güclü qadın” şeirlərinə musiqi də bəstələmişdir. İnanırıq ki, onun bəstələri də dinləyicilərin qəlbinə yol tapacaqdır.

Biz isə bu istedadlı musiqiçiyə böyük uğurlar diləyir və ondan yeni-yeni ifalar gözləyirik.

Gülnarə ƏLƏSGƏROVA
Üzeyir Hacıbəylinin ev-muzeyinin şöbə müdiri