Ömrünü qurub-yaratmağa həsr edənlər heç zaman unudulmur. Çünki onların amalları, əməlləri insanlara həmişə gərək olur. Əməkdar memar, ölkəmizdə milli memarlıq ənənələrinin zənginləşdirilməsində öz bilik və bacarığını əsirgəməyən Tahir Abdullayev də belə şərəfli həyat yaşayıb. Bu yazıda anadan olmasının 105 illiyi münasibətilə onun ömür yoluna nəzər salacağıq.

Tahir Abdulla oğlu Abdullayev 25 avqust 1915-ci ildə Naxçıvan şəhərində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra 1931-ci ildə N.Nərimanov adına Sənaye Texnikumuna qəbul olunur. 1933-cü ildə təhsilini başa vurub Azərbaycan Sənaye İnstitutuna daxil olur. Memarlıq ixtisası üzrə 1939-cu ildə institutu bitirir və Bakı Şəhər İcraiyyə Komitəsinin Memarlıq-planlaşdırma idarəsində işə başlayır. Bir il sonra Memarlar İttifaqının üzv olur. 1943-cü ildə Şəki şəhərinin baş memarı vəzifəsinə təyin edilən Tahir Abdullayev burada bir sıra obyektləri, o cümlədən şəhər parkını layihələndirir.

T.Abdullayev Böyük Vətən müharibəsinin də iştirakçısı olub, “Qafqazın müdafiəsinə görə” medalı ilə təltif edilib.

1951-ci ildə o, “Azərdövlətlayihə” institutuna direktor təyin edilir və 1992-ci ilə qədər bu vəzifədə çalışır. Milli kadrların əsl mütəxəssis kimi yetişməsinə daim qayğı göstərir. Sovet Azərbaycanına rəhbərlik edən ulu öndər Heydər Əliyev “Azərdövlətlayihə”nin fəaliyyətinə xüsusi diqqətlə yanaşırdı. Həmin dövrdə institutda Bakı ilə yanaşı Gəncə, Sumqayıt, Quba, Naxçıvan, Mingəçevir, Şirvan, Lənkəran, Daşkəsən və digər şəhər-rayonların layihələndirilməsi həyata keçirilir, institut Sovet İttifaqının bir çox aparıcı layihə təşkilatları ilə yaradıcılıq əlaqələri saxlayırdı.

Azərbaycan SSRİ-nin tərkibində olduğu üçün milli memarlıq ənənələrini qoruyub saxlamaq asan deyildi. Bəzən buna görə ən yaxşı layihələr də geri qaytarılır, yaxud da hazırlanan layihələrin Moskvada təsdiqi müxtəlif maneələrlə qarşılaşırdı.

Onu da qeyd edək ki, həmin dövrdə tikintidə beton-şüşə materialından istifadə milli memarlığın inkişafına mane olub. Mütəxəssislərin hazırladığı “Milli memarlıq elementləri” albomu layihə kabinetində istifadəsiz qalır. O vaxtlar respublikaya rəhbərlik edən Heydər Əliyevin səyləri ilə milli memarlığa xüsusi üstünlük verilən layihələrin, çətinliklə də olsa, Moskvada təsdiqinə nail olunurdu. Naxçıvandakı bir sıra mədəni-maarif ocaqlarının layihələndirilməsində Əcəmi Naxçıvani üslubunun saxlanılması üçün memarlar əllərindən gələni əsirgəmirdilər. Bu gün Naxçıvan şəhərinin mərkəzi meydanına gözəllik verən C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı T.Abdullayevin rəhbərlik etdiyi “Azərdövlətlayihə”nin töhfəsidir. Bakı şəhərində “Azərbaycan”, “Abşeron”, “Naxçıvan”, “Moskva” mehmanxanalarının, Azərbaycan Dövlət Dram Teatrının, Neftçilər, Nərimanov (indiki Hüseyn Cavid) prospektlərində ucaldılan yaşayış binalarının layihələri hazırlanarkən milli üslubun saxlanılmasına xüsusi diqqət yetirilib.

Ölkəmizdə müasir memarlıq məktəbinin inkişafında T.Abdullayevin mühüm xidmətləri olub. O, ömrünün yarım əsrdən artıq bir dövrünü quruculuq-abadlıq işlərinə həsr edib. Azərbaycanın müxtəlif şəhərində bir çox təhsil və mədəniyyət ocağı, inzibati bina, yaşayış kompleksi layihələrinin müəllifi kimi tanınıb.

Görkəmli memarın iştirakı ilə ərsəyə gələn tikililər bu gün də Azərbaycanın müxtəlif bölgələrinin meydan və küçələrini bəzəyir. Heydər Əliyev adına İdman-Konsert Kompleksi, Milli Məclisin binası, Prezident Administrasiyasının binası və s. bu qəbildəndir.

T.Abdullayevin Azərbaycan memarlığına verdiyi töhfələr dövlət tərəfindən yüksək dəyərləndirilib. O, iki dəfə SSRİ Dövlət mükafatına layiq görülüb. “Qırmızı əmək bayrağı” və “Şərəf nişanı” ordenləri, müxtəlif medallarla təltif olunub. Həmçinin 1964-cü ildə Əməkdar mühəndis, 1979-cu ildə isə Əməkdar memar fəxri adlarına  layiq görülüb.

Müstəqil Azərbaycan dövləti də onun xidmətlərini unutmayıb, Prezident təqaüdçüsü olub. Görkəmli memar 5 yanvar 2004-cü ildə, ömrünün 89-cu ilində vəfat edib.

Savalan FƏRƏCOV