Azərbaycan Milli Xalça Muzeyi 2019-cu ildə 122 min 143 nəfər ziyarətçi sayı ilə öz rekordunu yeniləyərək respublikada ən çox ziyarət edilən muzey olub.
Bu barədə Milli Xalça Muzeyindən məlumat verilib. Məlumatda vurğulanır ki, Milli Xalça Muzeyi ölkədə ilk inklüziv muzey kimi hər kəs üçün əlçatan məkana çevrilib. Fiziki məhdudiyyətli insanların muzeyi ziyarət etməsi, ekspozisiya ilə tanış olması üçün zəruri şərait təmin olunub. Muzeyin inklüziv proqramları haqqında bəyanatlar İCOM, NEMO kimi beynəlxalq muzey təşkilatlarına təqdim olunub, uğurlu təcrübə xarici ekspertlər tərəfindən yüksək qiymətləndirilib.
2019-cu ildə Milli Xalça Muzeyində kolleksiyaların zənginləşdirilməsi istiqamətində mühüm işlər görülüb. Əhalidən satınalma yolu ilə altı muzey əhəmiyyətli əşya əldə edib. Həmçinin muzey tarixində ilk dəfə olaraq Sotheby’s hərrac evindən Qacar dövrünə aid iki ədəd qadın bəzək əşyası alınıb. Muzeyə ABŞ vətəndaşları Dumas Jones və Jay Jones tərəfindən XIX əsrə aid “Qonaqkənd” xalçası hədiyyə olunub.
Ötən il muzeyin keçirdiyi sərgilər də respublikanın mədəni həyatında iz qoyub. Muzey daxilində on, Rusiya, Çin və Fransada isə üç sərgi keçirilib. Bu sırada “Azərbaycan mədəni irsi Luvr Muzeyində” sərgisini xüsusilə qeyd etmək lazımdır. İlk dəfə Luvr Muzeyinin daimi ekspozisiyasında sərgilənən üç nadir Azərbaycan xalçası ölkəyə gətirilərək nümayiş olunub.