Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino və televiziya fakültəsinin magistr tələbəsi Masər Həsənov ABŞ-da keçirilən Beynəlxalq müstəqil internet qısa film festivalında (İndependent İnternational İnternet Short Film Festival) mükafat qazanıb. Onun «Qığılcım» filmi «Tamaşaçı rəğbəti» nominasiyası üzrə III yerə layiq görülüb.
ADMİU-da rejissorluq ixtisası üzrə məzun olan Masər Həsənov hazırda Xalq artisti Eldar Quliyevin kursunda magistr pilləsi üzrə təhsil alır. O, fiziki məhdudiyyəti olmasına baxmayaraq, müxtəlif layihələrdə fəallığı ilə seçilir, sənədli və bədii filmlərin, sosial çarxların müəllifidir. Gənc rejissorun “Dejavü” filmi Türkiyə, Rusiya və Rumıniyada festivallarda iştirak edib, “Sevgi naminə” qısametrajlı bədii filmi IX Beynəlxalq müstəqil internet qısa film festivalında mükafat qazanıb.
Masər Həsənov 2017-ci ildə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təsis etdiyi Rasim Ocaqov adına təqaüdə layiq görülüb. 2019-cu ildə gənclər üçün Prezident mükafatı ilə təltif olunub.